Bakıda evdə qaz sobası yandırılarkən güclü partlayış olub.
Xezerxeber.az-ın məlumatına görə, 5 nəfərin xəsarət alması ilə nəticələnən hadisə gecə paytaxtın Sabunçu rayonunda baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri rayonun Yusif Qasımov küçəsində partlayışın baş verdiyi əraziyə cəlb olunublar. Qonşular deyirlər ki, partlayışın dalğasının təsirindən evdə 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Məlum olub ki, ümumi sahəsi 80 kv/m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evinə ciddi zərər dəyib. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstaxanaya aparılıblar. TƏBİB-dən bildirilib ki, xəsarət alanlardan 4 nəfər 3-ü qadın, 1-i kişi olmaqla onlar Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar. Hazırda onlardan birinin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Həmin şəxslər reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir. 1 nəfərə isə hadisə yerində yardım göstərilib.
Hadisə zamanı yaxınlıqdaki fərdi evlərə də zərər dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.