AZ

Kənd təsərrüfatı üçün müxtəlif planlar – Bu sahəni necə canlandırmaq olar?

Kənd təsərrüfatı istənilən ölkənin iqtisadiyyatında mühüm rol oynayan sahələrdən biridir. Əhalinin ərzaq tələbatını qarşılamaq, xammalla təmin etmək və kənd yerlərində məşğulluğu artırmaq baxımından bu sektorun inkişafı böyük əhəmiyyət daşıyır. Müasir dövrdə kənd təsərrüfatının inkişafı təkcə ənənəvi üsullarla deyil, həm də innovativ texnologiyaların tətbiqi, ekoloji dayanıqlılığın qorunması və dövlət dəstəyi ilə mümkündür.

Valyuta.az xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün bir neçə əsas sahə üzrə genişmiqyaslı islahatlar və tədbirlər həyata keçirilməlidir.

İlk olaraq bu sahənin inkişafını sürətləndirmək üçün 21-ci əsrin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqi vacibdir. Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məsələn, avtomatik suvarma sistemləri, dronlar və peyk şəkilləri ilə əkin sahələrinin monitorinqi, torpaq analizi və s. məhsuldarlığı artırmaq üçün vacibdir. Əlavə olaraq biotexnologiyaların tətbiqi, xüsusən də genetik cəhətdən daha dayanıqlı və məhsuldar bitkilərin yetişdirilməsi, əkinçilikdə uğurlar gətirə bilər.

Kənd təsərrüfatının inkişafı təkcə yeni texnologiyanın tətbiqi ilə deyil, bu sahə ilə məşğul olan insan resurlarının da maarifləndirilməsi ilə mümkündür. Kənd təsərrüfatı işçilərinin, fermerlərin bacarıqlarının artırılması üçün bölgələrdə daha çox təlim və tədris proqramları təşkil olunmalı, fermerlərə yeni bilik və bacarıqlar verilməli, onları ən son metod və texnologiyalarla tanış etmək lazımdır. Bu, xüsusən də gənclər üçün vacibdir.

Bu sahənin inkişafına maliyyə və investisiya dəstəyi çox vacibdir.

Fermerlərə güzəştli şərtlərlə kreditlər verilməli, həmçinin kənd təsərrüfatı sahəsinə investisiyaların artırılması məqsədilə dövlət və özəl sektordan maliyyə dəstəyi təmin olunmalıdır. Subsidiyaların şərtləri və məblığlərində dəyişiklik edilməlidir. Bundan başqa kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət və fermerlər üçün vergi güzəştləri və stimullar tətbiq edərək, iqtisadi inkişafı təşviq etmək mümkündür.

Fermerlərin daha çox şikayət etdiyi mövzulardan biri də məhsullarının iri şəhər və rayonların bazarlarına çıxarılması ilə bağlı yaşadıqları çətinlikdir.

Bunun üçün onların bazarlara çıxmağına şərait yaratmaq, yol infrastrukturunu inkişaf etdirmək lazımdır. Çünki kənd təsərrüfatı məhsullarının daha sürətli və ucuz şəkildə bazarlara çatdırılması üçün nəqliyyat şəbəkəsinin inkişafı vacibdir.

Fermerlərin davamlı olaraq bazarlara çıxışını, bütün il boyu məhsullarını saxlamağa şərait yaratmaq üçün soyutma anbarları və saxlama imkanları yaratmaq lazımdır. Bu həm də kənd təsərrüfatı məhsullarının qiymətlərinə də birbaşa təsir göstərə bilir. 

Kənd təsərrüfatın inkişafı üçün ən vacib amil isə səmərəli suvarma sistemlərinin qurulması və yerlərdə torpaq idarəçiliyinin düzgün təşkil edilməsidir.

Azərbaycanda bir çox əkin sahəsi su çatışmazlığı ilə üzləşir. Suvarma sistemlərinin müasir texnologiyalarla, məsələn, damlama suvarma və suyun düzgün bölüşdürülməsi ilə təkmilləşdirilməsi vacibdir.

Torpaqların ekoloji cəhətdən qorunması və yaxşılaşdırılması üçün agroekoloji yanaşmalar tətbiq edilməlidir. Həmçinin torpaq sahələrinin tədqiqi və analiz edilməsi, əkin növlərinin uyğunlaşdırılması zəruridir.

Kənd təsərrüfatının inkişafı üçün xarici bazara çıxışının olması çox vacibdir. Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün daha çox təşviq və dəstək təmin olunmalıdır. Bu, həmçinin yerli istehsalçılara daha geniş bazar imkanları yaradacaq.

Ümumiyyətlə, yerli kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və beynəlxalq bazarlarda tanıdılması üçün strateji marketinq planları hazırlanmalıdır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da artan ekoloji duyarlılıq kənd təsərrüfatında da özünü göstərir. Belə ki, orqanik kənd təsərrüfatı metodlarının təşviq edilməsi, ətraf mühitə zərər verməyən texnologiyaların tətbiqi ilə daha sağlam məhsullar istehsal edilə bilər.

Kənd təsərrüfatında davamlılıq və təbii resursların səmərəli istifadəsi, sıfır tullantı prinsipinə riayət edilməsi vacibdir.

Baş verə biləcək bütün təbii və qeyri-təbii fəlakətlərdən qorunmaq üçün fermerlər üçün sığorta proqramlarını inkişaf etdirmək lazımdır. Kənd təsərrüfatı sahəsində təbii fəlakətlər, qiymət dəyişiklikləri və digər risklərə qarşı sığorta mexanizmləri tətbiq olunmalıdır. Bu, fermerlərin riskləri minimuma endirməsinə kömək edər. Fermerlərə məhsul növlərini dəyişərək və müxtəlif sahələrə yönələrək gəlirini artırmağa imkan verəcək təşviqlər təqdim edilməlidir.

Kənd təsərrüfatının inkişafı üçün isə ən vacib olan məqamlardan biri regionlar üzrə ixtisaslaşmaların aparılmasıdır.

Hər bir bölgənin xüsusi iqlim və torpaq şəraitinə uyğun olaraq ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının istehsalı təşviq edilməlidir. Məsələn, bəzi bölgələrdə üzüm, bəzi yerlərdə pambıq, bəzi yerlərdə isə tərəvəz və meyvə istehsalına diqqət yetirilməlidir.

Ümumiyyətlə, yuxarıda sadalanan bütün bu təkliflər Azərbaycan kənd təsərrüfatının səmərəliliyini artırmaq, fermerlərə dəstək olmaq və ölkənin iqtisadiyyatını daha dayanıqlı etmək üçün əsas kimi götürülə bilər.

Davud

Seçilən
61
valyuta.az

1Mənbələr