AZ

"15 yaşım yoxdur ki, buna görə həvəsdən düşüm, üzərimdə çalışmayım" - Narazı forvard "Sportinfo"ya danışdı

Vaqif Cavadovun "Sumqayıt"ın baş məşqçi postuna təyinatından sonra Kamran Quliyevin əsas heyətə yolu açılmışdı.

Hücumçu pis də performans sərgiləmirdi. Vurduğu 2 qoldan əlavə rəqib müdafiəsini daim təzyiqdə saxlaya bilirdi.

Amma qış fasiləsində sonra bir andaca Quliyev ehtiyat skamiyanın daimi sakininə çevrildi

Görəsən, niyə?

Sportinfo.az-a açıqlamasında 24 yaşlı forvard sualımıza cavab olaraq bunları dedi:

"Vaqif Cavadovun gəlişindən sonra əsas heyət üzvü hesab olunurdum. Əlimdən gələni edirdim ki, komandam üçün faydalı olum. Amma sonra nə olduğunu mən də anlamıram. Hazırda komandanın ən çox qol vuran hücumçusu olaraq oyunlarda çox az şans qazanıram. Baş məşqçimizin belə bir cümləsi vardı ki, Kamran komandada hücumçu olmadığına görə əsas heyətdə oynayırdı. Belə başa düşürəm ki, bu gün hücumçular var və ona görə mənə ehtiyac yoxdur".

Vaqif Cavadov mətbuat konfransında bəndənizin Kamranla bağlı sualına reaksiyası belə olmuşdu:

"Yeni hücumçunun gəlişindən sonra sanki istəyi azalıb. Buna görə əsas heyətdə deyil. Hər oyunçu starta layiq olduğunu sübut etməlidir. Rəqabətdə qalib gəlmək lazımdır. Kamran önəmli oyunçudur, inanıram ki, başa düşür və bundan sonra daha çox çalışacaq".

Amma gənclər millimizin sabiq üzvü çalışdırıcının iradları ilə razılaşmadığını sözlərinə əlavə edib:

"Elə şeylər var ki, mən burada deyə bilmirəm. Amma əminliklə onu qeyd edərdim ki, nə bir istəyim azalıb, nə də həvəsim. 15 yaşım yoxdur ki, mövqeyimə oyunçu gətirilən kimi həvəsdən düşüm və yaxud üzərimdə çalışmayım. Hər zaman rəqabət içində olmuşam. "Sumqayıt"dan öncə "Sabah" və "Şamaxı"da rəqabət görmüşəm. Burada da eyni durumdayam. Bütün oyunlarda can qoyan, xəstə halında meydançada mübarizə aparan mən daha sonra həvəssiz oluram? Belə bir şey ola bilməz. Hər şey göz qabağındadır. Mən daha nə deyim? Əvəzedici komandaya göndərilmişəm. Artıq 3-cü oyundu orada çıxış edirəm. Problem yoxdur. Xeyirlisi nədirsə o olsun. Amma əsas komandada daha çox oynamalı olduğumu düşünürəm. Düzdü, özüm üçün 3 qol aşağı göstəricidir. Lakin bizim çempionatda 25-30 qol vuran futbolçu yoxdur. Sezonun sonuna 2 ay qalır bombardirlərin aktivində 9-10 qol var. Düşünürəm ki, əvvəlki qədər mənə güvən olsa, qollarımın sayını çoxalda bilərdim".

XANOĞLAN

Seçilən
8
sportinfo.az

1Mənbələr