Konqo Demokratik Respublikasının (Konqo DR) Baş nazirinin müavini, nəqliyyat və yollar naziri Jan-Pyer Bemba ölkənin keçmiş prezidenti Jozef Kabilanı (2001-2019) üsyançıları dəstəkləməkdə günahlandırıb.
“Report” xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.
Məlumata görə, Bemba Konqo DR-in qərbindəki Kikvit şəhərində gənclərin orduya çağırılmasına dəstək mitinqində çıxış edib.
“Məndə Kabilanın “23 Mart hərəkatı” (M23), “Konqo Çay Alyansı” (ARC) koalisiyası və “Mobondo” silahlı qruplaşmasından olan üsyançılara dəstəyinə dair sübutlar var. Buna görə də Kabila ifşa olunmaqdan qorxub və Zambiya sərhədini keçərək ölkədən qaçıb”, - o, mitinqdə deyib.
Bemba əlavə edib ki, üsyançıların arxasında duran qüvvələr ölkənin parçalanmasına çalışırlar.
“Onlar ölkəmizi Ruandaya ilhaq etmək istəyirlər. Gənclərimiz vətəni müdafiə etmək üçün səfərbər olmalıdır”, - Baş nazirin müavini söyləyib.
Xatırladaq ki, Kabilanın üsyançılara dəstəyi barədə ilk dəfə ötən ay Konqo DR Prezidenti Feliks Çisekedi bildirmişdi. Konqo DR-in ömürlük senatoru olan Kabila dövlət başçısının ittihamlarını rədd etmişdi. İndi isə Bemba müvafiq sübutlara malik olduğunu açıqlayıb. Lakin onları hələlik ictimaiyyətə təqdim etməyib.