Qazax, 7 mart, Vüsalə Cənnətova, AZƏRTAC
Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirlər keçirilib. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qazax Dövlət Rəsm Qalereyasında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı rəsm sərgisi keçirilib. Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rolundan söz açılıb. Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qadın gülərsə, güləcək bəşər” adlı konsert proqramı təşkil edilib. Qadınlara həsr olunan mahnılar ifa edilib, rəqslər nümayiş etdirilib. Tədbirdə Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında “Bir gecənin nağılı” tamaşasından bir parça da nümayiş olunub. Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı da yaddaqalan olub.