Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, son zamanlar İmişlinin avtomobil yollarında ənənə halını almış yenidənqurma işlərinin davamı olaraq rayonun Göbəktala, Xəlfəli, Qaragüvəndikli, Qaralar, Qulubəyli, Yalavac və Nurulu kəndlərində şəhid adını daşıyan, şəhid ailəsi yaşayan, eləcə də sosial obyektlərin yerləşdiyi küçələrin avtomobil yollarına yeni asfalt örtük çəkilib.
Sözügedən yollarda tikinti norma və standartlarına uyğun olaraq lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub, ardınca yeni asfalt örtüyü döşənib.
Qeyd edək ki, bu cür infrastruktur layihələrinin həyata keçirilməsi, dövlətin şəhid ailələrinə göstərdiyi diqqətin bir göstəricisidir və onların sosial rifahının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs davamlı xarakter daşıyır.






