AZ

Qurana səcdə etməkdən əvvəl onu oxumaq lazımdır- Tural İrfan yazır

Quranın elmi təfsirinə ehtiyac var. Dünyəvi elmlər üzrə mütəxəssislərlə obyektiv fikirli din alimlərinin birgə komissiyası yaradılaraq müasir elmi təfsir yazılmalıdır.
İndiyəcən yazılan təfsir və şərhlər rəvayətlərə, yarıdan çoxu uydurma olan hədislərə, tarixə, fərqli qiraət variantlarına, qramatika qaydalarına əsaslanan, əsasən fiqhi, təsəvvüfi, əqidəvi prinsipləri özündə ehtiva edən izahlar, yozumlardır. Ayələrin sırf elmi yöndən açıqlanması, müsəlmanların da xurafat, mövhumat və cəhalətdən elmə yönəlməsinə səbəb olar.
Abbbasilər dövründə Mötəzilə cərəyanı elmə, fəlsəfəyə böyük önəm verərək bu mövzuda xeyli əsərlər yazmışdılar. Yunan, hind fəlsəfəsinə aid kitabları tərcümə etmişdilər. Filosoflar, mütəfəkkirlər yetişdirdi. Lakin qısa müddətdən sonra ənənəvi mövhumatçılar onları məhv edərək bütün kitabları yandırdılar. Quran ayələrinin elmi, fəlsəfi cəhətdən açıqlanmasına o dövrdə iz açılmışdı. Amma o izi tamamilə silib onun yerinə Quranın nağıl, rəvayət, uydurma hədislər və şəxsi rəylə açıqlanmasına üstünlük verdilər.
Elmə nisbətən yaxın olan və ağıla əsaslanan təfsirlərdən yalnız Zəməxşərinin "Kəşşaf" təfsiri qaldı.
Bu günə gəlib çatmış yaxud bu gün yazılan ənənəvi təfsirlər yalnız mövhumatçı, xurafatçı, çox zaman da cahil təbəqəni qane edə bilər. Alimi, filosofu, fikir, düşüncə adamını qane edə bilməz və bilmir də...
Qurana təfsir yazan fizikanı bilmirsə kainatın fizika qanunlarından bəhs edən ayələri necə şərh edir? Təbii ki, uydurma rəvayətlər əsasında. Kim də elmi cəhətdən izah etmək istəyibsə ona da İbn Sina, İbn Rüşd kimi kafir deyib baykot ediblər. Həmçinin tibbə, astronomiyaya, anatomiya və digər elm sahələrinə aid olan ayələri yalnız din adamları izah etməyə çalışıb. Ona görə də bu gün minlərlə təfsirin olmasına rəğmən hələ də bir çox Quran həqiqətləri gizli qalıb.
Yalnız qeyri - müsəlmanlar nəyisə kəşf edəndə o saat molla sürüsü başlayıb ki, "bu onsuz da Quranda var idi..." Bəs var idi, niyə ortaya çıxara bilmədin?
Çünki başqaları oturub astronomiya, kimya, fizika, riyaziyyat öyrənəndə, fəlsəfə öyrənəndə sən isə Qurandakı dəstəmaz ayəsində ayağı yumaq yoxsa məsh etməyin doğru olduğunu sübut etmək uğrunda rəvayət danışırdın, nağıl uydururdun...
İndi də ona görə "kafirin" texnologiyalarına möhtac qalıbsan. Yaponun icad etdiyi maşınla Cümə namazına gedir, Koreyanın telefonu ilə Ramazan bayramı təbriki edir, ABŞ - ın icad etdiyi sosial şəbəkələrdə yenə də inandığın xurafatı təbliğ edərək istehsal edənləri də dinsiz, kafir adlandırırsan. Nə qədər acı, nə qədər ağrılıdır bu mənzərə...
İlk nazil olan surədə "oxu" əmri ilk ayənin ilk kəliməsi, "səcdə et" əmri isə son ayənin sonuncu ayəsidir. Fəqət müsəlmanlar Quranı tərsinə çevirib səcdəni əvvələ, oxumağı axıra keçirdilər. Ona görə də İslam ümməti alt-üst oldu. Buyurun...
Tural İrfan, ilahiyyatçı yazar
Seçilən
7
news365.az

1Mənbələr