Evinizdə hər küncdə xoş və təbii bir qoxu yaratmaq istəyirsiniz? Onda təbii maddələrdən istifadə edərək, özünüzə xüsusi bir qoxu yaradın və evinizin havasını dəyişdirin.
Pravda.az evinizin gözəl qoxuması üçün 5 təbii üsulu təqdim edir:
Öz qoxunuzu yaradın
Qoxu hisslərimizin ən güclü və təsirli olanlarından biridir və hər qoxu beynimizdə xüsusi xatirə ilə bağlanır. Sevdiyiniz çiçək esansları və təbii yağlardan istifadə edərək, öz unikal qoxunuzu yaradın. Bu qoxu evinizə girdikdə tanış və rahat bir atmosfer yaradacaq. Öz qarışımınızı şüşə butulkada saxlayın və kiçik bir qabda şamın üzərinə qoyaraq istiliklə yayılmasına imkan verin.
Qoxulu şamları düzgün yerləşdirin
Şamları yalnız dekorasiya elementi kimi düşünməyin. Onları qonaqlarınız gəlməzdən əvvəl evin müxtəlif künclərinə yerləşdirin. Şamların aromalarını qarışdırmamaq üçün fərqli qoxuları bir arada yandırmamağa diqqət edin. Bir neçə saat ərzində yanan şamlar evinizə uzun müddət xoş bir qoxu yayacaq və atmosferi dəyişdirəcək.
Ağ sabundan istifadə edin
Ağ sabunun xoş qoxusu, evinizin hər küncündə təmiz və xoş bir atmosfer yaradacaq. Sabunu rəndələyib kiçik kisələrə qoyaraq geyimlərinizin arasına və yastıqların içinə yerləşdirin. Həmçinin, paltar yuyarkən duru ağ sabundan da bir az əlavə edərək evinizə gözəl qoxu qatmış olarsınız.
Soyuducunu mütəmadi təmizləyin
Soyuducuda köhnəlmiş qidaların yaratdığı pis qoxular evinizə yayıla bilər. Soyuducunu mütəmadi olaraq təmizləmək, bu cür qoxuları aradan qaldırmaq üçün vacibdir. Vanil və qəhvə qarışığını soyuducuda saxlamaq pis qoxuları yox edəcək və yerinə gözəl bir aroma gətirəcək.
Dekorasiyada təzə çiçəklərdən istifadə edin
Canlı bitkilər və çiçəklər evinizə həm estetik, həm də təbii qoxu qatacaq. Mövsümi çiçək buketləri əlavə edərək, evinizə təzə və xoş bir çiçək qoxusu gətirə bilərsiniz. Çiçəklərin suyunu tez-tez dəyişdirərək onların ömrünü uzadın və köhnələn çiçəkləri dərhal yeniləyin.
Bu sadə təkliflərlə eviniz hər zaman təbii və xoş qoxu ilə dolacaq.
Əminə Bayramova