AZ

Məhkəmə rüşvət almaqda təqsirlədirilərək bəraət alan eks-vəzifəli şəxslərlə bağlı qərar çıxardı

Ali Məhkəmədə Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən eks-vəzifəli şəxslər - Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.  

 

Xatırlatma: Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı rəsmi məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində yol verilən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

 

Qeyd olunan idarənin sabiq rəisi Ayxan Səfərovun xidməti səlahiyyətlərinin icrası zamanı Arxiv şöbəsinin sabiq müdiri Dəyanət Atakişiyevin köməkliyi ilə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

 

Ayxan Səfərov və Dəyanət Atakişiyevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Sonra istintaq dövründə hər iki şəxsin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə onlara bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə təmin etməyib.

 

Kamal Məmmədov

 

 

Tarix: 7 Mart 2025, 09:31   
Seçilən
39
pravda.az

1Mənbələr