AZ

Tələbələrin 86 faizə qədəri imtahan sessiyasının şəffaflığından razıdır - ADPU-da Elmi Şuranın iclası

Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. 

İclası giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov keçən Elmi Şuradan cari dövrədək universitetdə həyata keçirilən tədbirlər, əməkdaşlar və tələbələrin qazandığı uğurlar barədə məlumat verib. “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Milli Çempionatında Pedaqoji Universiteti uğurla təmsil edərək 9 kateqoriya üzrə uğur qazanan tələbələr mükafatı prof. Cəfər Cəfərova təqdim ediblər. Rektor Qazaxıstanın 4 universiteti ilə əməkdaşlıq və imzalanan memorandumlar haqda geniş məlumat verib.

Tədris departamentinin direktoru dosent Sənan Əliyev ADPU-da 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, sessiya ərzində təşkil edilən 2745 imtahanda 10181 bakalavr, 841 nəfər magistrant olmaqla, ümumilikdə 11022 nəfər iştirak edib. İmtahan prosesi ərzində yaradılmış İmtahan Qərargahına 121 müraciət daxil olub ki, bu müraciətlərdən 61 müraciət təsdiqini tapmayıb, 60 hal isə təsdiqlənib. İmtahan nəticələrinə yenidən baxılması üçün Apelliyasiya Komisiyasına 2443 ərizə daxil olub. Müraciətlərin 31 faizi tələbələrin xeyrinə həll edilib. Müraciət edənlərdən 45 faizinin cari imtahan nəticəsi qüvvədə saxlanılıb. S.Əliyev həmçinin, imtahan prosesi zamanı tələbələr arasında keçirilən onlayn sorğunun nəticələrini də açıqlayıb. Sorğuda ümumilikdə 2261 nəfər iştirak edib. İştirakçıların 85.6 faizi imtahanların şəffaflığını 10 ballıq sistem üzrə 7-10 balla, 14.4 faizi isə 1-6 balla qiymətləndirib. Sorğuda iştirak edən tələbələrdən 72.8 faizi ADPU-da təşkil edilən psixoloji xidmətdən xəbərdardır. Vurğulanıb ki, həmçinin 3 əməkdaş və 14 tələbədən ibarət 17 nəfərlik müşahidəçi qrupu tərəfindən imtahanların gedişi müşahidə olunub. 

Daha sonra ADPU-nun filiallarında keçirilən imtahan sessiyasının nəticələri dəyərləndirilib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov Elm və Təhsil Nazirliyinin Yeni təhsil proqramlarının hazırlanması Komissiyasının Təhsil ixtisasları qrupu üzrə İşçi qrupunun fəaliyyəti və ADPU-nun qarşısında duran vəzifələr barədə təqdimatla çıxış edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov universiteti təmsil etdiyi Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı barədə danışıb. Daha sonra A.Zamanov doktorantların dissertasiya mövzusunun müəyyənləşdirilməsi və elmi rəhbərlərin təsdiqi, professor və dosent elmi adlarının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə təklif irəli sürüb. 

Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib. Dosent Sənan Əliyev ADPU-nun 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüd alan namizədlərin təsdiqi və dərs vəsaitinin nəşrinə icazə verilməsi barədə, ADPU-nun Elmi katibi r.ü.f.d. Nərminə Abdullayeva Mülki müdafiə və tibbi biliklər kafedrasının yaradılması barədə təkliflə çıxış ediblər. 

Sonda müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

Seçilən
22
tehsil.biz

1Mənbələr