AZ

ABŞ konsulluqlarını bağlayır

ABŞ Dövlət Departamenti yaxın aylarda əsasən Qərbi Avropadakı bəzi konsulluqlarını bağlamağı və qlobal miqyasda işçilərin sayını azaltmağı planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, Vaşinqtonda bəzi ixtisaslaşmış bölmələrin birləşdirilməsi də nəzərdən keçirilir.

Bu çərçivədə insan haqları, qaçqınlar, qlobal cinayət ədaləti, qadın hüquqları və insan alveri ilə mübarizə kimi sahələrdə fəaliyyət göstərən ofislərin yenidən strukturlaşdırılması gündəmdədir.

Keçən ay məlum olub ki, ABŞ administrasiyası dünya üzrə diplomatik nümayəndəliklərdən ABŞ və yerli işçilərin sayının ən azı 10 faiz azaldılması variantlarını araşdırmağı xahiş edib.

Bildirilir ki, bu qərar Prezident Donald Tramp və onun müşaviri İlon Maskın federal hökumətdə geniş miqyaslı xərcləri azaltmaq səylərinin bir hissəsidir.

Seçki kampaniyası zamanı Tramp hökumət kadrlarında böyük dəyişiklik edəcəyini və “dərin dövlət” adlandırdığı bürokratik strukturu təmizləyəcəyini vəd etmişdi.

Tənqidçilər xəbərdarlıq edirlər ki, bu ixtisarlar ABŞ-nin diplomatik effektivliyini zəiflədəcək və xüsusilə USAID-in bağlanması qlobal yardımı azaldacaq, Çin və Rusiya kimi rəqib ölkələrin təsirini artıracaq.

Bağlanma ehtimalı olan konsulluqlar arasında Almaniyada Leypsiq, Hamburq və Düsseldorf;  Bunlara Fransada Bordo və Strasburq və İtaliyada Florensiya daxildir.

Rəsmilər bildirirlər ki, bu siyahı yekun deyil və bəzi konsulluqların açıq qalması üçün diplomatik təşəbbüslər davam edir.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, qiymətləndirmələr Amerika xalqı adından müasir çağırışlara ən yaxşı şəkildə cavab vermək üçün aparılıb.

Departament dünya üzrə 270-dən çox diplomatik nümayəndəlikdə 70 minə yaxın şəxsi heyətlə xidmət göstərir.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr