AZ

Çin-ABŞ qarşıdurması - "Geri addım atılmasa..."

ABŞ Prezidenti Donald Trampın Çinə tətbiq etdiyi gömrük rüsumlarını 10%-dən 20%-ə qaldırmasının ardından Pekin Vaşinqtona sərt reaksiya verib.

 

Çin Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda ABŞ-nin təzyiqlərinə boyun əyməyəcəyini bildirib. Eyni zamanda, “Əgər ABŞ müharibə istəyirsə, biz hər hansı bir müharibəyə – istər tarif müharibəsi, istər ticarət müharibəsi olsun, hazırıq”, – deyə vurğulayıb.

 

Çinin ABŞ-nin yeni tariflərinə qarşı sərt mövqe tutmasının iki ölkə arasındakı ticarət münasibətlərinə və qlobal bazarlara hansı təsirləri ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, hazırkı vəziyyətdə Çin ABŞ-nin tarifləri daha da artıracağını gözləyir və əgər geri addım atarsa, gələcəkdə yenidən tarif artımına məruz qalacaq:

 

“Buna görə də Çin sərt reaksiya verir. Lakin müəyyən bir mərhələdən sonra Çinin ABŞ ilə uzlaşmağa məcbur olacağı ehtimalı yüksəkdir. Əks halda, müasir kapitalist dünya nizamında maliyyə sistemi pozula bilər ki, bu da ən çox Pekinə ziyan verər. Tramp və tərəfdarları iddia edirlər ki, əvvəllər ABŞ-nin güclənməsinə xidmət edən sistem artıq Çinin xeyrinə işləyir və ABŞ-nin bazarlarını, maliyyə resurslarını tükəndirir. Bu baxımdan, Çin mövcud sistemin davam etməsində daha çox maraqlıdır. ABŞ, Çini Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək və digər beynəlxalq təşkilatlarla bağlı problemlər ortaya çıxacaq. Eyni zamanda, Çin də ABŞ məhsullarına məhdud sayda rüsum tətbiq etməklə öz iqtisadi maraqlarını qorumağa çalışacaq”.

 

Politoloq, Çinin geri addım atmayacağı halda qlobal bazarlarda ciddi sarsıntılar yaşana biləcəyini qeyd edib: 

 

“Bununla belə, Çin tamamilə qlobal iqtisadi sistemdən qoparaq ABŞ ilə açıq tarif müharibəsinə başlamayacaq. Çünki bu, ilk növbədə Çinin öz maraqlarına uyğun deyil. Pekin rəsmiləri indiki şəraitdə güclü olduqlarını göstərməyə çalışsalar da, uzunmüddətli perspektivdə bu vəziyyət Çin iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər.

Əgər Pekin müəyyən mərhələdə geri addım atmasa, qlobal bazarlarda ciddi sarsıntılar yaşana bilər. Çin iqtisadiyyatı hər il müəyyən bir böyümə faizi əldə etmədikdə, həm əhalisinin iş yerləri, həm də maliyyə resursları baxımından problemlərlə üzləşə bilər. Bununla yanaşı, ABŞ-də daşınmaz əmlak bazarında çətinliklər yaranar, hətta iqtisadi böhran baş verə bilər. Eyni zamanda, hiperenflyasiya riski də mövcuddur, çünki bazarda bəzi malların azalması onların qiymətlərinin süni şəkildə artmasına səbəb olacaq”.

 

Fidan Hacızadə

Seçilən
24
1
sfera.az

2Mənbələr