AZ

Ankaradan dünyaya mesaj...

Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir!

Azərbaycan və Türkiyə arasındakı münasibətlər çox doğru olaraq dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır. Bu münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Bu gün dünyada elə bir güc yoxdur ki, ölkələrimizin qardaşlıq əlaqələrinə xələl gətirə bilsin. Əksinə, zaman ötdükcə dövlətlərin qətiyyətli siyasi iradəsi, cəmiyyətlərin istəyi ilə bu birlik daha sarsılmaz olur.

Prezident İlham Əliyevin qardaş ölkəyə növbəti uğurlu işgüzar səfəri və səfər çərçivəsində baş tutan tədbirlərlə Azərbaycan-Türkiyə dostluğu tarixinə daha bir səhifə yazılıb. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub. Prezidentlər martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimindəki çıxışlarında qarşılıqlı əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını bildirməklə yanaşı, ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb, regional və qlobal miqyaslı geosiyasi reallıqlarla üst-üstə düşən baxışlarını diqqətə çatdırıblar. “Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

Türkiyənin davamlı dəstəyi, Azərbaycanın vəfa borcuna sadiq qalması

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başlayıb. İki ölkənin ortaq tarixi, mədəniyyət və dil bağları bu əlaqələri daha da möhkəmləndirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulduqda Osmanlı İmperiyasının varisi olan Türkiyə bu müstəqil dövləti dəstəkləyərək diplomatik əlaqələrini genişləndirmişdi. Lakin Sovet İttifaqı dövründə iki ölkə arasında əlaqələr əsasən qeyri-rəsmi şəkildə mövcud olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər daha da yaxınlaşmağa başlayıb. Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkə olub. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahədə dərin əməkdaşlıq qurulub. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib. Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini, xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirib. Qardaş ölkə münaqişənin ilk illərindəcə Azərbaycana qarşı işğalçılıq siyasəti apardığına görə Ermənistanla sərhədlərini bağlayıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi.

Öz növbəsində Azərbaycan da Türkiyəyə münasibətdə həmişə vəfa borcuna sadiq qalır. Respublikamız ermənilərin uydurduqları qondarma soyqırımı məsələsinə birmənalı şəkildə mənfi münasibət bəsləyir. Qardaş ölkədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə baş verən dövlət çevirilişi cəhdi zamanı Azərbaycanın dövlət başçısı və bütün xalqımız Türkiyə hakimiyyəti, Prezident Rəcəb Tayyib Ərdoğanla həmrəylik nümayiş etdirdi. Ölkəmizdə Türkiyənin milli və dövlət maraqlarına qarşı yönələn hadisələr qətiyyətlə pislənildi. Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. 2023-cü ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Çıxışında Azərbaycanın qardaşlıq dəstəyini minnətdarlıqla xatırladan Rəcəb Tayyib Ərdoğan “6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq”, - deyə vurğulayıb.

İndiki geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyəti

Bu gün biz tam əminliklə deyə bilərik ki, sarsılmaz tarixi bağlara əsaslanan Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Müasir dünyada, indiki geosiyasi reallıqlar şəraitində iki qardaş ölkənin müttəfiqliyi xüsusi əhəmiyyət daşıyır. Hazırda dünyada beynəlxalq hüququn işləmədiyi müşahidə edilir, güc amili önə keçib, oxşar məzmunlu problemlərə selektiv yanaşmalar sərgilənir. Belə bir vəziyyətdə milli dövlətlər üçün güclü müttəfiqlərinin olmasının önəmi aydın gəkildə görünür. Məlumdur ki, ayrı-ayrı Azərbaycanafob və Türkofob qüvvələr fəallaşıblar. Onlar müstəqillik və suverenlik prinsiplərinə əsaslanan siyasət həyata keçirən Azərbaycana və Türkiyəyə hansısa bir formada ziyan yetirmək, mövqelərimizi zəiflətmək üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Belə bir şəraitdə xalqlarımızın xoşbəxtliyi ondadır ki, dövlətlərimiz müttəfiqlik mövqeyindən çıxış edirlər. Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə iki qardaş ölkənin müttəfiqliyi rəsmən təsdiqlənib. Sənəddə həmçinin hərbi-müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlərin geniş spektiri öz əksini tapıb.

Bu gün Türkiyənin Silahlı Qüvvələri dünya üzrə ən yaxşılardan biridir. Türkiyə Ordusunun arsenalında müasir, yüksək texniki parametrlərə malik silahlar cəmləşib və qürurverici haldır ki, onların böyük əksəriyyəti daxili istehsaldır. Qardaş ölkənin güclü Silahlı Qüvvələri Azərbaycanın və bütün Türk dünyasının güvənc yeridir. Eyni zamanda, Azərbaycan da müasir Ordu quruculuğunda böyük uğurlar qazanıb. Bu Ordu 44 günlük müharibədə XXI əsrin müharibəsini aparmaqla ölkənin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Son illərdə Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdirlməsi, komando birliklərinin yaradılması Silahlı Qüvvələrimizin keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsini təmin edib.

Postmüharibə dövründə sülhyaratma prosesində Azərbaycanın və Türkiyənin uzlaşdırılmış fəaliyyətlər həyata keçirmələri xüsusi önəm daşıyır. Ermənistanın otuz il davam edən işğaçılıq siyasəti regional əməkdaşlığa və təhlükəsizliyə ağır zərbələr vurub. Kapitulyasiyaya uğrayan Ermənistan postmüharibə mərhələsində də müxtəlif manipulyasiyalara əl atmaqla sülhyaratma prosesinə əngəllər yaradır. Son vaxtlarda Ermənistan tərəfi, necə deyərlər, çoxbilmişlik edərək Türkiyə ilə sərhədlərin açılmasına nail olmağa çalışır, o cümlədən regionda kommunikasiyaların blokdan çıxarılması ilə  bağlı müxtəlif iddialar səsləndirir. Yenə də Ermənistanın sülhə mane olan pozuculuq mövqeyi ortadadır. Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistanla Türkiyə arasında sərhədlərin açılması bütövlükdə sülhyaratma prosesinə ciddi zərbə olardı, həm qardaş ölkənin, həm də Azərbaycanın mövqeyini zəiflədərdi. Buna görə də Azərbaycan və Türkiyə o mövqedən çıxış edirlər ki, Ermənistan sülhyaratma prosesinə sadiqliyini təsdiqləmək üçün manipulyasiyalara son qoymalı, öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan sürətlə silahlanma yolu tutubsa, onun konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarını özündə ehtiva edən müddəlar varsa və N.Paşinyan komandası bütün bunlara son qoymağa tələsmirsə, onda hansı sülhdən danışmaq mümkündür? Tədbirdə qeyd olunduğu kimi, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədirlər. Ermənistan da ittihamlardan əl çəkib buna uyğun davranmalı və sülh naminə praktiki müstəvidə real addımlar atmalıdır.

Türkiyənin dövlət başçısının dəvəti əsasında Azərbaycan Prezidentinin qardaş ölkəyə səfərinin Yaxın Şərqdə və Şərqi Avropada məlum proseslərin izlənildiyi bir vaxtda reallaşması da diqqətdən kənarda qala bilməz. Regionumuz, bütövlükdə dünya həssas dönəmdən keçir. İzlənilən proseslərdə Türkiyənin mövqeyinin gücləndiyi aydın şəkildə görünür. Qardaş ölkə həm artan gücü, həm də ardıcıl siyasətində xoş məramdan, beynəlxalq prinsiplərdən, ədalət mövqeyindən çıxış etməklə və əlbəttə ki, lider qətiyyəti ilə diqqət mərkəzinə gəlir. Çox doğru olaraq belə bir qənaət formalaşır ki, bu gün Türkiyə bir barışıq rəmzinə çevrilib.  Suriya, Ukrayna, Qəzza bölgəsi  qardaş ölkəyə və onun liderinə böyük ümid bəsləyirlər. Eyni zamanda, ABŞ-ın yeni administrasiyasının, Moskvanın da Türkiyəyə və R.T.Ərdoğana rəğbəti inkar oluna bilməz. Bu kimi reallıqlar fonunda  Türkiyənin dövlət başçısının inandığı Liderlə - Azərbaycan Prezidenti ilə müzakirələr aparmaq üçün Onu ölkəsinə dəvət etməsinin məntiqi başadüşüləndir. İlham Əliyev novator siyasətçi olduğunu, regional və qlobal məsələlərə strateji yanaşmalar sərgilədiyini dəfələrlə nümayiş etdirib. İndiki reallıqlar şəraitində iki qardaş ölkənin mövqelərini uzlaşdırmaları və birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmələri çox vacibdir.

Bir əsrdən çox davam edən ədalətsizlik

Bəhs olunan tədbirdəki çıxışında Prezident İlham Əliyevin Naxçıvanla bağlı səsləndirdiyi fikirlər həm tarixilik, həm də ədalət nöqteyi-nəzərindən çox vacibdir. Qədim Azərbaycan torpağı olan Naxçıvan artıq bir əsrdən çoxdur ki, respublikamızın əsas hissəsindən ayrılıb. Bu, zamanında imperialist güc mərkəzlərinin məkrli planları əsasında baş verib. Məlumdur ki, həmin məkrli panlara uyğun olaraq tarixi Azərbaycan torpaqlarında Ermənistan adlanan dövlət qurulub. Ərazilərimizin qəsb edilməsi mərhələ-mərhələ həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanın ermənilərə verilməsindən sonra onlar sakitləşmədilər. Belə ki, AXC 1920-ci ildə süqut edəndən beş ay sonra ermənilərin təkidi ilə sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, respublikamızın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. “Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular”, - deyə Prezident İlham Əliyev bildirib.

O dövdə Naxçıvanın qorunmasında və ayaqda qalmasında Türkiyənin qardaşlıq dəstəyi də mühüm rol oynayıb. Biz bir xalq olaraq qardaş ölkənin yaxşılığını heç vaxt unutmayacağıq.  Bu məqama xüsusi diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.

Mübariz ABDULLAYEV

Seçilən
33
yeniazerbaycan.com

1Mənbələr