AZ

Parisdə "Ulduzların simfoniyası" konserti keçirilib, türk dünyasından nümunələr səsləndirilib

Parisdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvinin poemasının adından götürülərək yaradılan "Yeddi gözəl" qrupunun ifasında "Ulduzların simfoniyası" konserti keçirilib.

"Report"un Fransa bürosunun məlumatına görə, tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadın Gününə həsr olunub.

Konsert zamanı Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan istedadlı musiqiçilərin iştirakı ilə türk dünyasının zəngin musiqi irsindən nümunələr səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxışında ölkədə qadın hüquqlarının əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin XX əsrin əvvəllərində qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olduğunu vurğulayıb, bu addımın cəmiyyətin irəliləyişinə verdiyi töhfəni xüsusilə qeyd edib.

Diplomat bildirib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan qadınların hüquqlarının qorunmasına, onların ictimai və siyasi həyatdakı rolunun gücləndirilməsinə daim önəm verib. Dövlətin qadın və kişi bərabərliyinin təmin olunmasına göstərdiyi siyasi iradə bu istiqamətdə atılan mühüm addımlardan xəbər verir.

Eyni zamanda tədbir çərçivəsində azərbaycanlı dizayner Sevil Əhmədovanın qədim və incəsənət nümunələrindən biri olan kəlağayıların yer aldığı "Azərbaycanın ipək zərifliyi" adlı unikal sərgisi də nümayiş olunub.

Seçilən
20
report.az

1Mənbələr