AZ

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu: Azərbaycan – Haiti oyunu hər iki komanda üçün yaxşı sınaq olacaq

Bakı, 7 mart, AZƏRTAC

"Həm Azərbaycanın, həm Haiti millisinin heyətində keyfiyyətli futbolçular var".

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə ölkəmizdə “Qarabağ”, “Neftçi” və “Zirə” komandalarında çıxış etmiş Haiti millisinin sabiq futbolçusu Donald Gerye Azərbaycanla ölkəsinin yığması arasında keçiriləcək yoldaşlıq oyunu barədə danışarkən deyib.

O bildirib ki, Haiti seçməsinin üzvləri meydanda bir-birilərini çox yaxşı anlayırlar: "Çünki beş ildən artıqdır birgə çıxış edirlər. Fransa, Yunanıstan, ABŞ-da oynayan oyunçularımız var. Həmin futbolçular yaxşı prespektivə malikdirlər. Asan matç olmayacaq. Haiti seçməsi əzmkar futbolçulardan qurulmuş kollektivdir. Onlar Azərbaycana qələbə üçün gedəcəklər. Düşünürəm ki, hər iki komanda üçün yaxşı sınaq olacaq”.

D.Gerye Azərbaycan millisinə güclü məşqçinin rəhbərlik etdiyini söyləyib: “Fernandu Santuş futbol dünyasında ad qazanmış mütəxəssisdir. O, Azərbaycan futbolunu inkişaf etdirmək üçün gəlib. Portuqaliyalı mütəxəssisin sistemini yaxşı bilirəm. Haiti yığmasının baş məşqçisi Sebastien Minye de bunun üzərində işləyəcək. Yoldaşlıq görüşü olmasına baxmayaraq, əldə edəcəyimiz nəticə tarixdə qalacaq. Oyunçularımız Haiti futbolu və öz adları üçün hər şeyi edəcəklər”.

O, sonda fürsətdən istifadə edərək, Azərbaycan xalqına təşəkkür edib: “Orada keçirdiyim günlər möhtəşəm idi”.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Haiti oyunu saat 21:45-də başlayacaq.

Seçilən
19
1
azertag.az

2Mənbələr