Bakı, 7 mart, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bu gün təsnifat mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə idmançılar dəstəli at, dayaqlı tullanma, gimnastika tiri, turnik və sərbəst hərəkətlərdə çıxış edəcəklər. Bununla da bütün finalçıların adlarına aydınlıq gələcək.
Dünya Kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında isə Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edir.
Ötən gün keçirilən təsnifat yarışlarında Azərbaycan gimnastlarından D.Əliyeva dayaqlı tullanmada, N.Simonov isə halqalarla hərəkətlərdə finala vəsiqə qazanıblar. Finallar martın 8-9-da təşkil olunacaq.
Dörd gün davam edəcək turnirin yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.