AZ

Bir nəslin xəstəlik tarixçəsi

Emil Zolyanın “Ruqon-Makkarlar” silsiləsindən son romanı “Doktor Paskal” haqqında
 

Silsilənin bütöv adı belədir: “Ruqon-Makkarlar – İkinci imperiya dövründə bir ailənin təbii və sosial tarixi”. Aydındır ki, qollu-budaqlı nəslin qəziyyəsi İkinci imperiyanın hökm sürdüyü qısa vaxt aralığına (1852-1870) sığa bilməz, bu dastanın əvvəli ondan yüz il qabağa gedib çıxır. Üstəlik, yazıçının başlıca məqsədi konkret tarixi dönəmin sosial-epoxal mənzərəsini, bədii salnaməsini yaratmaqdan çox həmin qəliz, mürəkkəb dövrün gerçəkliyi kontekstində ədəbi-fəlsəfi eksperiment aparmaq, eyni anadan törəmiş xarakterləri bəlli zaman-məkan koordinatlarına ezam eləməklə öz nəzəri mülahizələrini təcrübədə sınaqdan keçirməkdir.

Nəslin böyük anası, ulu nənəsi Adelaida Fuk 1768-ci ildə anadan olub. Bütün silsilə boyu bu qadın sağdır, yaşlandıqca nevrotik tutmalar keçirdiyinə görə şüurunu itirsə də, zamanla əlaqəsi çoxdan qırılmış nənə yalnız silsilənin sonuncu – iyirminci romanında, dastandakı hadisələrin başa çatdığı 1873-cü ildə, 106 yaşının içində olanda canını tapşırır. Buna qədər onun neçə nəvə-nəticəsinin adı fələyin dəftərindən silinmişdi. Yeri gəlmişkən, bu qarını biz Markesin dünya şöhrətli Ursula nənəsinin əcdadı da saya bilərik.

Ağıldankəm, xəstəhal Adelaida gəncliyində Ruqon soyadlı işlək, hiyləgər muzdur kəndliyə ərə gedir. Oğlan imkanlı kişinin qızıyla onu sevdiyinə görə yox, kasıblığın daşını atmaq, fani dünyada beş gün ehtiyacsız yaşamaq naminə evlənir. Oğlu Pyer dünyaya gələndən sonra Adelaidanın ağlı bir az da seyrəlir. Ancaq onların birgə yaşayışı uzun sürmür, kəndli Ruqon cavan yaşında ölür. Bundan sonra qadın Makkar soyadlı brakonyer, qaçaqmalçı avara-əyyaşla əlaqəyə girir, ondan da nikahdankənar iki uşağı – bir oğlu, bir qızı dünyaya gəlir. Bütün Ruqon-Makkar nəsli bu üç uşaqdan törəmədir.
Bəzi mütəxəssislər yazıçının Adelaidanı iki ərə verməyinin nəsli daha yaxşı şaxələndirib çoxlu qola-budağa ayırmaq məqsədi güddüyünü, geniş planlı epopeyanın ərazisinə yeni-yeni sakinlər cəlb eləmək üçün bu üsula əl atdığını deyirlər. Zənnimcə, bu, ağlabatan arqument deyil, Adelaida Fuk üç uşağı elə bir kişidən də doğa bilərdi, bundan ötrü onu iki dəfə ərə verməyə ehtiyac yoxuydu, çoxuşaqlı ailə o dövr üçün adi hal sayılırdı. Bəs onda səbəb nədir?

Məsələ burasındadır ki, genetik eksperiment aparan müəllif öz mitoxondrial Həvvasına iki cür gen köçürür: bunlardan biri (Ruqon) özündə aktiv həyat enerjisi, təkamülə uyğunlaşmaq qabiliyyəti, o biri (Makkar) ölüm enerjisi, dağıdıcı, yırtıcı meyillər daşıyır; başqa sözlə, bir xətt Erosun, o biri xətt Tanatosun dərgahından güc alır. Yarı həyatsevər, xeyirxah, sağlam, yarı da debil, xəstə olan Adelaida bu iki xəttin kəsişməsində qərar tutub. Ruqonla Makkar həyatın iki başlanğıcını simvolizə eləyir. Əslində, onları iki ayrı başlanğıc da saymaq olmaz, onlar fiziki-bioloji aləmi vücuda gətirən eyni bir başlanğıcın iki başı, iki qütbü, iki üzüdür. Ruqon nəsli bu dünyanın daha çox pozitiv üzünü, Makkar nəsli neqativ üzünü əks elətdirir. Hər iki kökdən törəmiş nümayəndələrin sonrakı taleyi də bunu göstərir.
*
Romanlar, daha doğrusu, onların qəhrəmanları qohumluq əlaqələriylə bir-birinə bağlı olsa da, silsilədə yer almış hər bir roman müstəqil əsərdir, hər biri ayrıca oxuna bilər. Bununla belə bəzi romanların bir-birinə xronoloji bağlılığı, bəlli bir ardıcıllığı da var ki, həmin ardıcıllığa riayət eləmək ümumi mənzərəni daha aydın görməyə imkan verir. Məsələn, silsilənin ən güclü halqalarından olan “Tələ” romanının baş qəhrəmanı Jerveza Kupo Adelaida Fukun nəvəsi, Antuan Makkarın qızıdır. Onun iki kişidən dörd övladı – bir qızı, üç oğlu var. Onların da hərəsi bir kitabın mərkəzində duran surətdir: Klod Lantye – “Yaradıcılıq”, Jak Lantye – “İnsan vəhşidir”, Etyen Lantye – “Jerminal”, Anna Kupo – “Nana” romanının əsas qəhrəmanıdır. Bu üsuldan əvvəllər Balzak yararlanmışdı, daha doğrusu, bu üslubu kəşf eləmişdi, ancaq onun yaratdığı şəbəkənin üzvləri eyni bir ailənin qol-budağı, çiyinlərinə qoyulmuş ağır genetik yük altında inləyən övladları deyildi.

Makkar soyundan gələn bu personajların hər birinin aqibəti faciəli olur: ən böyük arzusu bir tikə çörək qazanıb övladlarını adam balası kimi böyütmək, ömrünü sakit, arxayın keçirib vaxtı çatanda öz evində, rahat yatağında, doğmalarının gözü qarşısında can vermək olan cəfakeş, zavallı Jerveza qırx yaşında pilləkən altında yiyəsiz it kimi gəbərir; otuz dörd yaşlı rəssam Klod bədbinliyə qapılıb özünə əl qaldırır (Zolya burada həm də incəsənətin psixi sapıntıların, mənəvi eybəcərliyin məhsulu olduğuna – dövrü üçün populyar nəzəriyyəyə illüstrasiya yaradır); gənc dəmiryolçu Jak canında-qanında baş qaldıran manyakal bir istəyin, qatil genin təhrikiylə səbəbsiz yerə adam öldürür; terrorçu rus anarxistinə qoşulmuş fəhlə Etyen kömür şaxtasının cəhənnəm dərinliyində əlini qısqanc rəqibinin qanına batırır; zəngin tacirlərin, yüksək çinli məmurların ağlını başından, ixtiyarını əlindən, pulunu cibindən alan artist, müğənni Nana gəncliyinin çiçəklənən çağında çiçək xəstəliyinə yoluxub diri-diri çürüyür.

Göründüyü kimi, Makkarların hər birinin canında ölüm instinkti at oynadır, çox dərinə işləmiş bu şüursuz mübtəlalıq onları xoşbəxt olmağa, həyatdan doyunca zövq almağa qoymur. Az keçmiş Ziqmund Freyd bu mübhəm, məşum şeytani duyğuları ədəbiyyatın təhrikiylə meydana yeni çıxan psixologiya elminin zirzəmisində amansız sorğu-suala çəkəcək...
*
Ruqon nəslini hərəkətə gətirən həyat instinkti isə bu müddətdə yeni zəfərlər qazanır. Silsilənin ilk əsəri, bir növ proloqu olan “Ruqonların karyerası” romanının mərkəzi personajı Pyer Ruqonun böyük oğlu, “Əlahəzrət Ejen Ruqon” romanının parlaq baş qəhrəmanı əyalət şəhəri Plassandan Parisə gedib III Napoleonun silahdaşlarından birinə çevrilir, onun imperator taxt-tacına yiyələnməsinə kömək göstərir. Bundan sonra Ejenin karyerasında göz qamaşdıran yüksəliş başlanır, o, dövlət şurasında, nazirlər kabinetində yüksək vəzifələr alır. Əlbəttə, çox keçmədən onun da tənəzzülə uğradığı zaman yetişir, çünki hər bir yüksəlişin ardı eniş, uğurlu-uğursuz hər bir həyatın aqibəti ölümdür. Dünyanın atdan salmadığı cahangir hələ dünyaya gəlməyib.

Ruqon soyundan qopan daha bir nəfər – Ejen Ruqonun, doktor Paskalın bacısı oğlu, “Qadın xoşbəxtliyi” romanının qəhrəmanı Oktav Mure yaşayıb-yaratmaq, qazanmaq həvəsiylə dolu uğurlu iş adamı, böyük bir ticarət mərkəzinin sahibi, gözəl xanımların sevimlisidir. Onun qardaşı, “Abbat Murenin günahı” romanının qəhrəmanı keşiş Serj Mure isə ucqar kənddə ruhani xidmətdə olanda dərin ruh düşkünlüyü keçirir, nə din, nə inanc gəncin köməyinə çatır. O da böyük qardaşıyla eyni kökdəndir, içindəki yaşamaq ehtirasını boğmaq, asketik həyat keçirmək, ölümlə izdivac bağlamaq onu xoşbəxt eləyə bilməz. Canında közərən Ruqon genlərinin təhrikiylə abbat gənc bir qıza vurulandan sonra həyatsızlıq sindromundan qurtulur, depressiyadan çıxır. Doğrudur, bu sevginin də sonu xoşbəxtliyə dirənmir – neyləyəsən ki, insanı təkcə aclıq yox, toxluq da bədbəxt eləyir.
*
Həyat-ölüm qarşıdurmasında Zolyanın mövqeyi “Həyatın sevinci” adlı romanda Şopenhauerlə polemika zəminində əksini tapıb. Romanın yazıldığı dövrdə Artur Şopenhauerin zahidanə-pessimist təlimi Avropada pozitivizm fəlsəfəsindən heç də az populyar deyildi. Bütün sevincləri, kədərləriylə həyatı, yaradılışı tərənnüm eləyən, təbiətin qüdrətinə səcdə qılan Zolya üçün “Qərbin Buddası” göydəndüşmə opponent idi. Elə buna görədir ki, onunla polemikaya bütöv bir roman həsr eləyib.

Romanın qəhrəmanı Lazar Şanto şöhrət, ad-san, pul qazanmaq yolunda uğursuzluğa düçar olandan sonra Şopenhauer fəlsəfəsinin təsiriylə həyata, insanlara nifrət bəsləməyə başlayıb. O düşünür ki, günün birində bəşəriyyət mübhəm fövqəlbəşər gücün onunla necə məzələndiyini anlayanda doğub-törəməkdən, adına fələk deyilən zalım hökmdara əsgər yetişdirməkdən imtina eləyib intihar yolu seçəcək, yəni yer üzündə qiyamət qopacaq. Lazar ölümü vəsf eləyir, çünki həyat adlı bu tələdən qurtulmaq üçün ölümdən savayı nicat yoxdur.
Həyat bizə həmin o mübhəm qüvvənin xudbin səxavətindən, harın ehtirasından dilənçi payıtək ayrılıb, hələ üstündə xoşbəxtlik illüziyası da verilib. Sona yaxınlaşdıqca verilənlər qəpik-qəpik geri alınır, məlum olur ki, bizim heç nəyimiz yoxmuş. Odur ki, dünyadan kredit götürməmək, fələyin payını bəri başdan üzüsulu qaytarıb başına çırpmaq lazımdır.

Lazarın fikrincə, həyat səfeh, mənasız bir oyundur, insan da bu oyunun passiv iştirakçısı, başıqapazlı kuklası. Sabaha inam bəsləməyin anlamı yoxdur, çünki sabahın özü də yoxdur, onun yalnız barsız-bəhərsiz ümidi, bir də qorxusu-həyəcanı var. Gələcək qarşısında qorxunu aradan qaldırmaq üçün insanda həyat eşqini öldürmək lazımdır. Yaşamaq ehtirasını məhv elə ki, qorxunu da öldürmüş olasan. Bu mübarizədə insanın ən güclü silahı ölümdür, yalnız ölüm bəşəriyyətin yaralarını sağalda bilər.
Lazar Şantonun ustadı Şopenhauerdən də o yana keçən pessimist dünyagörüşünü təxminən bu şəkildə ümumiləşdirmək olar...
Fəqət bu romanda heç bir həyat sevincindən söhbət getmir, tam tərsinə, roman fiziki-mənəvi insan əzablarıyla yüklənib. Bəs onda müəllif nədən əsərinə belə bir ad qoyub – bunu onun ironiyasımı saymalıyıq? Demək çətindir. Bircə məsələ şübhə doğurmur ki, yazıçının mövqeyi yaratdığı qəhrəmanın baxışlarına daban-dabana ziddir. Ola bilsin, bu romana öz antipodunu qəhrəman seçməklə Zolya bu dəfə özünün həyat fəlsəfəsini tərs üzündən nümayiş etdirmək istəyib.
Bu baxımdan “Doktor Paskal” romanını “Həyatın sevinci” romanıyla polemika, müəllifin özüylə dialoqu da saya bilərik.
*
İyirmi roman arasından “Doktor Paskal”ın üstündə daha çox durmağımız bu əsərin silsilədə yer almış qalan romanlardan üstün olmasına bağlı deyil. Məsələ burasındadır ki, “Doktor Paskal” bu nəsil dastanının sonuncu cildi, yekunu, sintezidir. Ondan əvvəlki “Tarmar” romanında Fransa-Prussiya müharibəsində ölkəsinin məğlubiyyətindən, Paris kommunasının məhvindən danışan müəllif nəhəng epopeyasının boyuna biçdiyi zaman çərçivəsinin, yəni İkinci imperiya dövrünün axırına çıxmışdı. O baxımdan süjeti artıq Üçüncü respublika dönəmində cərəyan eləyən sonuncu kitaba silsilənin epiloqu kimi də baxmaq olar: epopeya boyunca rastlaşdığımız, yaxından-uzaqdan tanıdığımız bir sıra obrazların taleyini, aqibətini buradan öyrənirik.

Davamı növbəti sayımızda...
 

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr