AZ

İon-Adriatik boru kəməri layihəsinə start verildi

Finss.az - Azərbaycana məxsus təbii qazın Albaniya, Monteneqro, Bosniya və Herseqovina vasitəsilə Xorvatiyaya qədər çatdırılmasını nəzərdə tutan İon-Adriatik Boru Kəməri layihəsinin icrası üçün ilkin mərhələyə start verilib.

Bunu Baku TV-yə müsahibəsində Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia bildirib.

Səfir qeyd edib ki, Albaniya Trans-Adriatik Boru Kəmərinin (TAP) bir hissəsinin keçdiyi ölkə kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: "Bu baxımdan, layihənin tam reallaşmasından məmnunuq. Bunun Avropa üçün etibarlı cənub qaz dəhlizi olduğunu deyə bilərik. Bakıda keçirdiyimiz görüşlər çərçivəsində həmçinin, Albaniyanın çıxış nöqtəsi olduğu, qazın Monteneqro, Bosniya və Herseqovina vasitəsilə Xorvatiyaya qədər çatdırılmasını nəzərdə tutan İon-Adriatik Boru Kəməri ilə diversifikasiyanın əhəmiyyətini vurğuladıq. Təxminən 520 km uzunluğunda olacaq bu kəmər region ölkələrinin enerji inteqrasiyası və enerji təhlükəsizliyi baxımından böyük potensiala malik olduğunu göstərir. Azərbaycan isə özünün zəngin təcrübəsi və potensial investisiyaları ilə bu layihənin uğurla həyata keçirilməsində mühüm rol oynayır, onun reallaşmasını təşviq edir. Bu günə qədər ölkələr arasında müəyyən razılaşmalar əldə edilib. Artıq layihənin həyata keçirilməsi üçün ilkin mərhələyə start verilib".

Bundan başqa, onun sözlərinə görə, Albaniya elektrik enerjisi istehsalında əsasən su resurslarından istifadə edir: "Bununla yanaşı, biz günəş panellərindən istifadə etməklə enerji istehsalını diversifikasiya etmişik ki, bu da mühüm mənbələrdən biridir. Hazırda həm su, həm də günəş enerjisi istehsalına özəl investisiyaların cəlb olunması istiqamətində işlər aparılır. Bəzi ölkələr isə enerji məsələsində əsasən kömürdən asılıdır. Buna görə də regionun qazla təmin edilməsi, regional enerji şəbəkəsinin qurulması enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. Balkan ölkələrinin inteqrasiyası enerji bazarlarının daha səmərəli fəaliyyət göstərməsi və enerji təhlükəsizliyinin gücələndirilməsi üçün vacibdir. Bu kontekstdə Albaniya mühüm paya malikdir. Biz hər zaman Balkanlarda inteqrasiyanı təşviq etmək, açıq bazarların formalaşmasını dəstəkləmək istiqamətində müsbət rol oynamışq".

 

Seçilən
18
2
fins.az

3Mənbələr