AZ

Məktəb direktoru yalnız menecerliyinə görə seçilməməlidir

Son günlər Azərbaycanda məktəb direktorları ilə bağlı bir neçə xoşagəlməz hadisə yaşanıb. Əvvəlcə Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun səsyazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Araşdırmalardan sonra direktor işdən çıxarılıb. O, müəllimlərin işə qəbulu imtahanı ilə məktəbə rəhbərlik edirdi.

Ötən gün yayılan xəbərlərdə isə Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddia edilib. Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hər iki hadisə məktəb direktorlarının təyinatı ilə bağlı müzakirələri yenidən qızışdırıb. Hazırda bir çox məktəbə direktorların işə qəbulu üzrə test imtahanından uğurla keçən şəxslər rəhbərlik edir. Ancaq bəzi ekspertlər bu prosedurun da uğursuz olduğunu düşünür. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsinə üstünlük veriləcək. Hələlik sözügedən prosedurun icrası başlanılmayıb.

Ekspertlər direktorların işə qəbulu imtahanı sisteminin özünü doğrultmadığını, sistemdə dəyişikliklərin edilməsini labüd hesab edir.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə ilə həmsöhbət olub.

Onun sözlərin görə, məktəbin idarəedilməsində direktorun böyük rolu var:

“Yaşadığımız əsrin ikinci onilliyinə qədər qabaqcıl müəllim məktəb direktoru seçilirdi. Bu məktəbin fəaliyyətinə müsbət təsir göstərirdi. Belə ki, məktəbin idarəedilməsində birinci yerdə metodiki rəhbərlik durur. Qabaqcıl müəllim öz pedaqoji yanaşması ilə müəllimlər arasında böyük nüfuza malik idi. Ona görə də onun idarəçiliyi böyük pedaqoji səmərəsi ilə fərqlənirdi”.

Sədr bildirib ki, XXI əsrin əvvəllərində idarəetmədə menecerlik qabiliyyəti aktuallaşıb:

“Bu zamanın tələbi idi. Müxtəlif müəssisələrdə rəhbər menecerlik qabiliyyəti əsasında təyin edildi. Bu yanaşma məktəb həyatına da şamil edildi. Menecerlik qabiliyyətinə üstünlük verilməsi o demək deyildi ki, məktəb direktoru yalnız menecerlik qabiliyyətinə görə seçilsin. Təəssüf ki, ölkəmizdə artıq bir müddətdir ki, məktəb direktoru menecer qabiliyyəti əsasında seçilir. Biz məktəb direktorunun menecer qabiliyyətinə malik olmasını təqdir edirik. Lakin fikrimizcə, qabaqcıl müəllimlərin arasından menecer qabiliyyətinə malik müəllimlərin direktor seçilməsi daha məqsədəuyğun olardı. Hesab edirəm ki, direktorun bu iki meyar əsasında seçilməsi məktəbin pedaqoji uğurlarının artmasına kömək edərdi”.

Seçilən
22
modern.az

1Mənbələr