Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Avropa Ukraynaya dəstək və müdafiə xərclərini artırmaq üçün addımlar atıb və bundan da artığını edəcək.
News24.az xəbər verir ki, Vaşinqtonda olan Hili görüşdən əvvəl ABŞ müdafiə naziri Pit Heqsətlə Pentaqonda jurnalistlərə açıqlama verib.
Hili bu səfəri ölkəsi ilə ABŞ arasında müdafiə əlaqələrini gücləndirmək üçün etdiyini bildirib.
Nazir keçən ay NATO-da amerikalı həmkarı ilə görüşdüyünü xatırladıb. "Avropaya hərəkətə keçməyə meydan oxudunuz. Bizdən Ukrayna, müdafiə xərcləri, Avropa təhlükəsizliyi ilə bağlı hərəkətə keçməyi xahiş etdiniz. Və sizə deyirəm, biz hərəkətə keçdik, hərəkətə keçirik və addım atmağa davam edəcəyik", - deyə o bildirib.
İngiltərənin baş naziri Keir Starmerin keçən həftə Soyuq Müharibə bitdikdən sonra müdafiə xərclərinin ən böyük artımını açıqladığına işarə edən Hili daha da irəli gedəcəklərinin vurğulayıb.
ABŞ-ın müdafiə naziri Heqset deyib ki, media Ukrayna və Rusiya ilə bağlı “şayiələr”lə maraqlanır, lakin ABŞ prezidenti Donald Tramp sülhdə maraqlıdır.
Heqset Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra Trampın Kiyevə hərbi yardımı müvəqqəti dayandırmaq qərarı ilə bağlı suala belə cavab verib:
"Prezidentin (Tramp) bəyan etdiyi kimi, bu, əvvəldən dediyi kimi, sülhə real sadiqlik yaranana qədər pauzadır. Prezident ukraynalıların bu sülh prosesinə sadiqliyi baxımından nə dediklərini və etdiklərini çox diqqətlə izləyəcək".
Böyük Britaniyanın baş naziri Starmer fevralın 25-də Britaniya parlamentinə verdiyi açıqlamada ölkəsinin 2027-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,5 faizinə çatdıracağını açıqlayıb.
Starmer həmçinin müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün xarici yardım büdcəsinin 0,5%-dən 0,3%-ə endiriləcəyini açıqlayıb.
Aynurə