AZ

Ukrayna NATO-nun təhlükəsizlik çərçivəsinə daxil edilməlidir - Meloni

BAKI, TurkicWorld

İtaliyanın baş naziri Giorgia Meloni Ukraynanın NATO-ya üzv olmadan, alyansın təhlükəsizlik çərçivəsinə daxil edilməsini təklif edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Meloni Brüsseldə keçirilən fövqəladə Avropa Birliyi Liderlər Zirvəsindən sonra İtaliya mətbuatına açıqlama verib.

Meloni bildirib ki, Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərmək əvəzinə, daha qalıcı həll yolları tapmalıdır. Onun fikrincə, NATO-nun 5-ci maddəsinin genişləndirilməsi Ukraynanın təhlükəsizliyi üçün daha effektiv həll yolu ola bilər.

Xatırladaq ki, NATO-nun 5-ci maddəsinə əsasən, alyans üzvlərindən birinə edilən hücum, bütün üzvlərə edilmiş hücum kimi qəbul edilir və kollektiv müdafiə mexanizmi işə düşür. Meloni vurğulayıb ki, bu çərçivənin genişləndirilməsi Ukraynanın alyansa rəsmi üzvlük olmadan da müəyyən müdafiə təminatları almasına imkan yarada bilər.

Meloni, Avropa Komissiyasının sədri Ursula von der Leyenin "yenidən silahlanma" adlandırdığı plana da toxunub. O, bu ifadənin uyğun olmadığını bildirərək, "Bu, yalnız hərbi sahəni deyil, müdafiə, xammal və digər strateji sahələri də əhatə edir. Vətəndaşlara daha açıq mesaj verməliyik" deyə qeyd edib.

Qeyd edək ki, Ukraynanın NATO-ya inteqrasiyası mövzusu Rusiya-Ukrayna müharibəsinin gedişatında mühüm diplomatik müzakirə predmetlərindən biridir. Meloninin təklifi NATO çərçivəsində yeni təhlükəsizlik modellərinin müzakirə edilməsi üçün yeni bir mərhələ açmış ola bilər.

Seçilən
9
turkic.world

1Mənbələr