AZ

Akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR » AzadMedia.az


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

AzadMedia.az
xəbər verir ki,öncə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli alim, akademik Siddiqə Məmmədovanın məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdən öncə konfransın keçirildiyi akt salonunun önündə görkəmli alimin həyatı, onun Azərbaycan və dünya elminə göstərdiyi xidmətlərdən bəhs edən sərgiyə baxış keçirilib.

Tədbirin açılışında görkəmli alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova giriş nitqi ilə çıxış edərək Siddiqə Məmmədovanın elmi və ictimai fəaliyyətindən söz açıb, alimin gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıb. Akademik qeyd edib ki, Ulu Öndər Heydər Əliyev elm adamlarına daim qayğı göstərərək, onları diqqətdə saxlayırdı. Bu diqqətə layiq elm adamlarından biri də Siddiqə Rza qızı Məmmədova idi ki, Ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir. Heydər Əliyevin müdrikliklə həyata keçirdiyi elm siyasəti daha sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, Siddiqə Məmmədova öncə “Şərəf” ordeninə daha sonra isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” na da layiq görülür.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademikin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən entomoloq alimin rəhbərliyi ilə institutda 5 elmlər doktoru 70-dən çox elmlər namizədi hazırlanmışdır. 2 elmlər doktorunun və 15 elmlər namizədinin rəhbəri və ya elmi məsləhətçisi şəxsən özü olmuşdur. Professor vurğulayıb ki, onun üçün bilik, elm həmişə yeganə meyar kimi dəyərləndirilmişdir.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Siddiqə xanım Məmmədovanın zəngin irsinin, apardığı tədqiqatlarının Azərbaycan aqrar elminin inkişafındakı müstəsna rolundan danışıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, aqrar elminin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov çıxışında qeyd edib ki, görkəmli ictimai xadim, yaradıcı və fədakar alim, bitki mühafizə sahəsi üzrə keçmiş SSRİ məkanında tanınmış entomoloq, kamil pedaqoq, əməkdar elm xadimi Siddiqə Məmmədova Azərbaycanımızın qəbul etdiyi böyük şəxsiyyətdir.

Azərbaycan Respublikasının Milli məclisinin deputatı Naqif Həmzəyev görkəmli şəxsiyyətlərimizin irsini xalqımızın yaddaşında qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, akademik Siddiqə Məmmədova daim öyrənib, bilik və bacarıqlarını xalqı üçün sərf edib və öz məktəbini yaratmaqla hələ də xalqımıza xidmətini davam etdirir.

Bundan əlavə, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, AR ETN Genetik Ehtiyatlar İnstitutunun direktoru, əməkdar elm xadimi, professor, Zeynal Əkpərov, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev, KTN Əkinçilik ETİ-nin direktoru, dosent Faiq Xudayev, Şərur rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov, Şərur rayon Şəhriyar kənd tam orta məktəbinin tədris hissə müdiri Sevda Seyidova, akademikin tələbələri və digərləri çıxış edərək akademik Siddiqə Məmmədovanın entomoloq alim kimi fəaliyyətindən danışıb, onun yüksək insani keyfiyyətlərə malik olduğunu deyiblər.

Sonda akademik Siddiqə Məmmədovanın ailə üzvləri adından oğlu, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhram Xəlilov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Seçilən
27
2
azadmedia.az

3Mənbələr