BAKI,TurkicWorld
Avropa İttifaqının (Aİ) ən böyük ölkələri, Fransa, Almaniya və İtaliya Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsinə qarşı çıxıblar.
TurkicWorld xəbər verir ki, bu ölkələr belə bir addımın təhlükəli presedent yaradacağını və gələcəkdə Qərb ölkələrinin də oxşar risklərlə üzləşə biləcəyini düşünürlər.
Aİ daxilində bu məsələ ilə bağlı fikir ayrılığı var. Polşa və Baltikyanı ölkələr isə əksinə, Rusiya aktivlərinin müsadirə edilməsinin zəruri olduğunu bildirir.
Eyni zamanda, Avropa Mərkəzi Bankı da Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxıb. Ekspertlərin fikrincə, belə bir addım avroya və Avropa maliyyə sisteminə olan etimadı zəiflədə bilər.
Xüsusilə, Almaniya Rusiya aktivlərinin müsadirəsinin İkinci Dünya Müharibəsi ilə bağlı hələ də mövcud olan təzminat iddialarının yenidən gündəmə gəlməsinə səbəb ola biləcəyindən narahatdır.
Bundan əvvəl, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, dondurulmuş Rusiya aktivlərinin taleyi Moskva ilə Qərb arasında danışıqların gündəmində qalacaq.
O, həmçinin vurğulayıb ki, Qərbin bu istiqamətdə atacağı hər hansı addım Rusiyanın cavabsız buraxmayacağı bir məsələ olacaq.