BAKI, TurkicWorld
Böyük Britaniyanın müdafiə naziri Con Healey Avropanın Ukraynaya dəstəyini artırmaq üçün daha çox addımlar atacağını və bu istiqamətdə işlərin davam etdiyini bildirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqset ilə görüşdən əvvəl Healey Pentaqonda jurnalistlərə açıqlama verib.
Healey bu səfərinin əsas məqsədinin ABŞ və Böyük Britaniya arasında müdafiə əməkdaşlığını gücləndirmək olduğunu qeyd edib. O, NATO çərçivəsində amerikalı həmkarı ilə daha əvvəl müzakirələr apardığını xatırladaraq bildirib:
"Avropaya hərəkətə keçməyə çağırış etdiniz. Bizdən Ukrayna, müdafiə xərcləri və Avropa təhlükəsizliyi ilə bağlı daha çox iş görməyimizi istədiniz. Mən sizə deyirəm, biz artıq hərəkətə keçmişik, addımlar atırıq və bunu davam etdirəcəyik."- deyə o bildirib.
ABŞ müdafiə naziri Pit Heqset isə Tramp administrasiyasının Ukrayna münaqişəsinə yanaşmasına toxunub. O bildirib ki, prezident Donald Tramp sülhə nail olmaq istəyir və Ukrayna rəhbərliyinin bu prosesə sadiqliyini yaxından izləyir.
"Prezident (Tramp) bəyan etdiyi kimi, sülhə real sadiqlik yaranana qədər hərbi yardım müvəqqəti dayandırılıb. O, ukraynalıların bu prosesdə nə dediklərinə və nə etdiklərinə diqqətlə baxacaq." - deyə o vurğulaylıb.
Böyük Britaniyanın baş naziri Keir Starmer fevralın 25-də ölkəsinin müdafiə büdcəsinin artırılması ilə bağlı parlamentdə çıxış edib. Onun sözlərinə görə, Britaniya 2027-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdıracaq.
Bu məqsədlə xarici yardım büdcəsinin 0,5%-dən 0,3%-ə endiriləcəyi bildirilib. Bu qərar Britaniyanın müdafiə siyasətində yeni mərhələnin başlandığını və Ukrayna ilə bağlı dəstəyin davam edəcəyini göstərir.
Qeyd edək ki, Böyük Britaniya Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevin əsas dəstəkçilərindən biri kimi çıxış edir və hərbi-siyasi baxımdan bu ölkəyə müxtəlif yardımlar ayırır.