AZ

“Türkiye” qəzeti: Türkiyə və Azərbaycan liderləri birlikdə istənilən məsələni həll etməyə qadirdir

Ankara, 7 mart, AZƏRTAC

Türkiyə və Azərbaycan liderlərinin mövqe və iradə birliyi istənilən məsələni həll edə biləcək strateji əməkdaşlığın əsasını təşkil edir. Ankara ilə Bakı arasında qarşılıqlı əlaqə gündən-günə güclənir ki, bunun bariz nümunəsi martın 5-də İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 7-də “Türkiye” qəzetində dərc olunmuş “Enerjidən sinerjiyə doğru. Türklərin zamanı” sərlövhəli məqalədə deyilir.

Məqalənin müəllifi, türkoloq Meryem Aybüke Sinan qeyd edir ki, Türkiyədən Naxçıvan Muxtar Respublikasına (NMR) qaz kəmərinin açılması regionda proseslərin gələcək dinamikasına təsir göstərə bilər.

O xatırladır ki, Xoy-Culfa kəməri ilə Azərbaycanın muxtar qurumuna ilk “mavi yanacağın” tədarükü hələ 1992-ci ildə başlayıb və 2004-cü ildə Azərbaycan və İranın müvafiq şirkətləri arasında qaz mübadiləsinə dair saziş imzalanıb. “İndi 85 kilometrlik İqdır-Naxçıvan boru kəmərinin açılışı ilə NMR-in İran üzərindən qaz nəqlindən asılılığı aradan qalxır. Bu, Türk dünyasında strateji əməkdaşlığın daha bir nəticəsidir”, -deyə nəşr yazır.

Müəllif daha sonra diqqəti Cənubi Qafqazın xəritəsinə çəkir. O yazır: “Sovet dövründə Ermənistanın xəritəsi elə dəyişdirilib ki, bu ölkənin ərazisi Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında “bıçaq kimi” sıxışdırılıb. Bu gün həmin dövrün siyasi qərarlarını düzgün təhlil etmək vacibdir. Sovet hakimiyyəti bir əsr əvvəl müasir hadisələrin inkişafını istisna etmir, Türkiyə və Türk dünyasının yolunda maneə yaratmağa çalışırdı. SSRİ rəhbərliyinin qərarları hələ də türk dövlətləri üçün problem olaraq qalır”.

Məqalədə qeyd olunur ki, Ermənistanın qondarma ərazisindən keçən Zəngəzur dəhlizi layihəsi bu problemin həllinə yönəlsə də, uzunmüddətli prosesləri proqnozlaşdırmaq çox çətindir.

M.A.Sinan vurğulayır ki, Azərbaycandan Türkiyəyə əsas kommunikasiya və enerji nəqli marşrutu olaraq qalan Gürcüstandakı vəziyyət diqqət mərkəzindədir. “Gürcüstan ərazisindən enerji resurslarının tədarükü birbaşa bu ölkənin daxili və xarici dinamikasından asılıdır. Tiflis Türk Dövlətləri Təşkilatı (TDT) ilə sıx dialoqa can atır, amma Gürcüstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri də aşkar görünür”, - deyə türkoloq yazır. O, TDT ölkələrinin enerji təchizatı üçün təhlükəsiz və uzunmüddətli marşruta ehtiyacı olduğunu vurğulayır.

Məqalənin müəllifi əmindir ki, Trans-Xəzər boru kəməri layihəsinin (Orta Dəhliz) həyata keçirilməsi bütün Türk dünyasının inkişafı üçün güclü təkan olacaq. O qeyd edir: “Bu, çox vacib layihədir və onun reallaşdırılmasının gecikməsi türk ölkələrinə mənfi təsir edəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
19
azertag.az

1Mənbələr