AZ

Xaçmazın mərkəzində yol problemi - Küçələrin təmir ediləcəyi tarix bəlli olub

Xaçmaz şəhərinin mərkəzi hissəsinə yaxın ərazilərdəki bəzi küçələrin yolları yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal bürosuna Xaçmaz şəhər sakinləri məlumat veriblər.

Xaçmaz şəhərinin bir hissəsi olan İzmayilovka yaşayış massivinın Vəli Məmmədov, Gəray Əsədov, Mirzə Kazımbəy və Dağıstan küçələrinin sakinləri həmin ərazidəki yolların qəzalı vəziyyətdə olmasından gileylənirlər.

Onların sözlərinə görə, rayon mərkəzindəki bəzi küçələrə yeni asfalt örtüyü çəkilsə də, qeyd olunan küçələr əsaslı təmir işlərindən kənarda qalıb. Sakinlər bildiriblər ki, şəhərin mərkəzinə yaxın ərazidə yerləşən bu küçələrin asfaltlanmaması onlara müəyyən çətinliklər yaradıb. Nəticədə onların hərəkəti, şəhər mərkəzinə gediş-gəlişləri əməlli-başlı problemə çevrilib.

Sakinlər vurğulayıblar ki, adıçəkilən küçələrin yolları bu vaxta qədər bir dəfə də olsun, asfaltlanmayıb. Yolda əmələ gələn çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağıntılı hava şəraitində isə piyadaların palçıqlı yolda hərəkəti haradasa mümkünsüz olur. Belə bir şəraitdə məktəblilərin də qayğıları daha da artır. Onlar nə qədər çalışsalar da, həmin küçələrdən palçığa bulaşmadan keçib, evdən məktəbə və ya əksinə, səliqəli vəziyyətdə gələ bilmirlər.

Sakinlər onları narahat edən problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələnin həlli üçün heç bir tədbir görülməyib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, sözügedən küçələrin mövcud problemindən xəbərdardırlar.

Qeyd edilib ki, şəhərdaxili küçələrin təmiri mərhələli şəkildə davam etdirilir. Məlumatda həmçinin vurğulanıb ki, Dağıstan küçəsi bu il, digər üç küçə isə növbəti 2026-cı ildə asfalt olunacaq.

Seçilən
24
report.az

1Mənbələr