İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya gələn həftə Bakıya gələcək.
Nazirlikdəki mənbə “Report”a bildirib ki, dövlət katibi martın 11-də Azərbaycan-İspaniya biznes forumunda iştirak edəcək, eləcə də bir sıra görüşlər keçirəcək.
Azərbaycan-İspaniya biznes forumunda İspaniyanın Ticarət Palatası və Sahibkarlar Təşkilatları Konfederasiyasının (CEOE) nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan-İspaniya biznes forumu İspaniyanın İqtisadi-Ticarət Ofisi və Kənd Təsərrüfatı Məhsulları İstehsalçıları Assosiasiyasının (AGRAGEX) ticarət missiyası çərçivəsində keçiriləcək.
Missiyanın əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı və aqrar-sənaye sektorlarında biznes imkanlarını araşdırmaqdır. İspaniya şirkətləri Azərbaycan bazarına daxil olmaq və ya iştiraklarını genişləndirmək imkanı əldə edəcək ki, bu da ölkələr arasında əməkdaşlığın inkişafına və işgüzar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Missiyaya suvarma, istixana təsərrüfatı, bitki və heyvanların qidalanması və sağlamlığı, bitkilərin mühafizəsi vasitələri və digər əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlər daxil olacaq.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 65,12 % azalaraq 309,87 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, İspaniyadan idxal 41,73 % artaraq 146,18 milyon ABŞ dollarına, Azərbaycandan ixrac isə 79,16 % azalaraq 163,7 milyon ABŞ dollarına bərabər olub.