AZ

Nəhənglərin üçü də qalib gəldi, “Atletik” darmadağın etdi - İCMAL

La Liqada tura ilk 4 pillədə başlayan komandaların hamısı qələbə qazandı. “Real”la “Barselona” hərəyə iki, “Atletiko” üç qol vurdu, “Atletik” isə aşkar autsayder “Valyadolid”in qapısından 7 top keçirdi.

Maraqlıdı ki, “Barselona” autsayderlərlə oyunlarda böyük çətinlik yaşayır. “Las Palmas”la qarşılaşma da bu mənada istisna olmadı. İlk yarıda kataloniyalılar yalnız bir təhlükəli vəziyyət yaratdı ki, onda da Yamal qapıçı meydançasının küncündən “çərçivə”yə düşə bilmədi. “Adalılar” isə bir neçə perspektivli hücum qurdu. Flik fasilədən sonra Olmonu meydana buraxdı və bu gediş işə yaradı. O, 62-ci dəqiqədə Yamalın ötürməsindən yararlanıb hesabı açdı. “Las Palmas” məğlubiyyətdən qurtulmaq üçün çox çalışdı. Top Erik Qarsiyanın əlinə dəydiyinə görə “Barsa”nın qapısına penalti təyin oluna bilərdi. Sadəcə, bir an öncə Munyos ofsayda düşdüyünə görə hakim belə qərar vermədi. Xoşbəxtliyi rəqib qapısı önündə axtaran meydan sahibləri qol istəyinə çatmadı, əksinə, uzatma dəqiqələrində Rafinya Torresin də fərqlənməsinə şərait yaratdı. Çətin qələbə qazanan “Barsa” turnir cədvəlinin zirvəsində qaldı.

Ancaq bu komanda vahid lider deyil. Çünki “Real” da hesabat turunu inamlı qələbə ilə başa vurdu. Artıq iki mövsümdü ki, “Jirona” xal almaq bir yana, heç “Real”ın qapısına qol da vura bilmir. Bu oyunda uzun müddət heç nə aydın deyildi. “Real” təzyiq göstərirdi, ancaq sanki həvəssizcəsinə. “Jirona”nın müdafiə xətti isə rəqib hücumlarını zərərsizləşdirməkdə çətinlik çəkmirdi. Modriç hissənin sonuna az qalmış 25 metrdən gözəl zərbə ilə hesabı açmasaydı, kim bilir, bu oyunun nəticəsi necə olacaqdı. “Ağ şimşəklər” 2-ci hissədə daha çox hesabı qorumaq üçün oynasa da, xeyli qol vəziyyətini boşa verdi. “Jirona” isə son dəqiqələrdə quracağı hücum dalğasına ümid edirdi. Amma Vinisius 83-cü dəqiqədə kataloniyalıların bütün planlarını pozdu. Bundan sonra artıq oynamağın mənası yox idi. Axı indiki “Jirona” səfərdə “Real”dan iki topun əvəzini çıxacaq səviyyədə komanda deyil. Meydan sahibləri fərqi darmadağın həddinə çatdırmaq üçün bir neçə imkan da qazandı. Onu da qeyd etməyə dəyər ki, “Real”ın futbolçuları oyunboyu yalnız bir dəfə qaydanı pozdu.

Madridin digər nəhəngi “Atletiko”da “Barsa” ilə “Real”dan geri qalmadı. “Hindular” “Valensiya” üzərində “quru” və böyükhesablı qələbə qazandı. Qonaqların erkən qol vurmaqda bəxti gətirdi. Qrizmannın cərimə meydançasına ötürməsini tamamlayan Linonun zərbəsi tirdən döndü, Alvares isə hamıdan çevik tərpəndi. Yarım saatın tamamında Alvares artıq Qrizmannın ötürməsini başla qola çevirdi. Fasiləyə qədər qalan dəqiqələrdə yaxşı oyun göstərən “yarasalar” 2-ci hissədə faktiki meydanın rəqibə aid hissəsindən çıxmadı. Korberan əvəzetmələr sayəsində təzyiqi bir qədər də artırdı, ancaq top heç cür qapıya getmədi ki getmədi. Sonda rəqibin səhvindən yararlanan “hindular” fərqi darmadağın həddinə çatdırdı. 3-cü qolu sonradan meydana çıxanlar – Qallaherlə Korrea təşkil etdi. “Valensiya” belə darmadağını haqq etməsə də, Simeonenin amansız “qələbə maşını”ndan mərhəmət gözləməyə dəyməz. “Yarasalar” hələ də təhlükəli zonada qalsa da, oyunu ilə heç də 18-ci pilləyə layiq deyil.

Turun qalan oyunlarına gəlincə, “Atletik” sonuncu pillədəki “Valyadolid”i 7:1 hesabıyla məğlub etdi. Artıq ilk yarıdan sonra hesab 4:0 idi. Yuriçin 56-cı dəqiqədə meydandan qovulması autsayderin durumunu daha da çətinləşdirdi. Avrokuboklara iddialı “Rayo Valyekano” ilə “Vilyarreal”ın qarşılaşması 6 xallıq oyun idi. Bu oyunda isə meydan sahibləri qırmızı vərəqənin acısı yaşadı. De Frutosun 42-ci dəqiqədə meydandan qovulmasına görə azlıqda qalan “Rayo” 2-ci hissədə qapısında qol gördü. “Selta” – “Osasuna”, “Alaves” – “Espanyol” oyunlarının taleyini də bir qol müəyyənləşdirdi. Birincidə meydan sahibləri, ikincidə qonaqlar qalib gəldi. “Betis” “Xetafe”nin 6 oyunluq məğlubiyyətsiz seriyasına İskonun dublu sayəsində son qoydu. “Real Sosyedad” “Leqanes”i darmadağın etməklə iki pillə irəlilədi. Turun dünən axşam keçirilən son oyununda “Sevilya” “Malyorka” ilə heç-heçə etdi.

25-ci tur
Las Palmas – Barselona 0:2

Olmo, 62. Torres, 90+5. (30746)
Barselona: Şensnı, Balde, Kubarsi, E.Qarsiya, Kunde, Pedri (F.de Yonq, 85), Kasado, Rafinya (Martin, 90+7), Lopes (Olmo, 46), Yamal (Torres, 85), Levandovski.

Real – Jirona 2:0
Modriç, 41. Vinisius, 83. (74028)
Real: Kurtua, Mendi, Alaba (Kamavinqa, 73), Asensio, Vaskes, Çuameni, Modriç (Rüdiger, 86), Vinisius (Endrik, 90), Dias (Sebalyos, 73), Rodriqo, Mbappe.

Valensiya - Atletiko 0:3
Alvares, 12; 30. Korrea, 86. (46297)
Atletiko: Oblak, Aspilikueta (Qallaher, 46), Lanqle, Le Norman, Molina, Lino (Qalan, 46), Simeone (Ximenes, 68), De Paul, M.Lyorente, Qrizmann (Korrea, 68), Alvares (Sörlot, 74).

Atletik - Valyadolid 7:1
Xauresiqar, 10. N.Uilyams, 35; 66. Sannadi, 43. Sanset, 45+2. Quruseta, 69. İ.Uilyams, 87 – Silla, 47. (47715)

Rayo Valyekano – Vilyarreal 0:1
Peres, 66. (13373)

Selta – Osasuna 1:0
Aspas, 69-p. (22005)

Alaves – Espanyol 0:1
Kalero, 86. (17068)

Xetafe – Betis 1:2
Mayoral, 82 – İsko, 18; 77-p. (13964)

Real Sosyedad – Leqanes 3:0
Zaxaryan, 12. Kubo, 48. Olasaqasti, 80. (22533)

Sevilya – Malyorka 1:1
Salas, 45+2 – Valyent, 90+1. (35424)

1. Barselona 25 17 3 5 67-25 54
2. Real 25 16 6 3 54-23 54
3. Atletiko 25 15 8 2 42-16 53
4. Atletik 25 13 9 3 44-22 48
5. Vilyarreal 25 12 8 5 48-35 44
6. Rayo Valyekano 25 9 8 8 27-26 35
7. Betis 25 9 8 8 32-32 35
8. Malyorka 25 10 5 10 24-31 35
9. Real Sosyedad 25 10 4 11 23-23 34
10. Selta 25 9 5 11 36-38 32
11. Sevilya 25 8 8 9 30-35 32
12. Osasuna 25 7 11 7 29-34 32
13. Jirona 25 9 4 12 32-37 31
14. Xetafe 25 7 9 9 21-20 30
15. Espanyol 25 7 6 12 24-36 27
16. Leqanes 25 5 9 11 22-38 24
17. Las Palmas 25 6 5 14 29-43 23
18. Valensiya 25 5 8 12 25-41 23
19. Alaves 25 5 7 13 28-39 22
20. Valyadolid 25 4 3 18 16-59 15

Bombardirlər: Levandovski (Barselona) – 20, Mbappe (Real) – 17, Rafinya (Barselona), Budimir (Osasuna), Sanset (Atletik) – 13.
Növbəti turun oyunları fevralın 28-i – martın 3-ü aralığında keçiriləcək: Valyadolid – Las Palmas, Jirona – Selta, Rayo Valyekano – Sevilya, Barselona – Real Sosyedad, Atletiko – Atletik, Leqanes – Xetafe, Betis – Real, Malyorka – Alaves, Osasuna – Valensiya, Vilyarreal – Espanyol.

Turun rəqəmi
300 – Xose Luis Qayya “Valensiya”nın heyətində La Liqada keçirdiyi oyunların sayını bu həddə çatdırdı. 30 yaşını mayda tamamlayacaq müdafiəçi bu oyunlarda 8 qol vurub, 30 məhsuldar ötürmə verib. Onun “yarasalar”ın tarixinə çempionatda 300 oyun həddinə çatan 8-ci futbolçu kimi düşdüyünü də xatırladaq.

Turun ulduzu
Luka Modriç (Real) – xorvatiyalının ilk yarının sonundakı gözəl zərbəsi olmasaydı, Allah bilir, “Jirona” ilə oyun necə qurtaracaqdı. Məhz bu qol madridliləri 2-ci hissədə riskli oyun göstərməkdən çəkindirdi. Veteran 2-ci qola səbəb olan hücumda da iştirak etdi.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Bizdə hər şey əladı, günün ən yaxşı xəbəri Alabanın dönüşüdü. O, 60 dəqiqə ərzində yaxşı oynadı. Bəzi müdafiəçilər – Valverde, Rüdiger də qayıdıb. Mövsümün ən vacib dönəminə əla formada qədəm qoyuruq. Modriç futbol üçün hədiyyədi. O, nə qədər istəsə, o qədər də davam edə bilər. Meydanda etdikləri inanılmazdı. Belə əfsanə bizdə oynayırsa, bəxtimiz gətirib. Modriç ciddilik, keyfiyyət və peşəkarlıq nümunəsidi”.


Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Oyundan sonra yorğunluq hiss edirəm. Ən yaxşı oyunumuzu göstərmədik. Bu gün istədiyimiz kimi hərəkət edə bilmədik ki, bu da həmişəkindən çox problemin yaranmasına səbəb oldu. Olmonun qolu bizim üçün həlledici məqam idi, onun meydana çıxması komandanı ümidləndirdi”.
Seçilən
14
football-plus.az

1Mənbələr