AZ

Səbinə Əliyeva: Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır

Bakı, 7 mart, AZƏRTAC

Təhsil müəssisələrində zorakılığa məruz qalmış uşaqlara zəruri dəstəyin göstərilməsi, onların yenidən qurbana çevrilməsinin qarşısının alınması üçün preventiv və dəstəkləyici mexanizmin tətbiqi olduqca vacibdir. Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalı, uşağın psixoloji vəziyyəti və inkişafı qiymətləndirilərək müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ni təqdim edərkən deyib.

Müvəkkil qeyd edib ki, həssas əhali qrupuna aid edilən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətin tamhüquqlu üzvləri kimi inteqrasiyasının təmin edilməsi insan hüquqlarına hörmətin və sosial ədalət prinsiplərinə bağlılığın vacib göstəricilərindən biridir.

“Tibb, təhsil, sosial xidmət və digər müəssisələrdə, həmçinin nəqliyyat sistemində və yollarda əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında hələ də çatışmazlıqlar qalmaqdadır. Xüsusilə də ictimai nəqliyyat infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsinə diqqətin artırılmasına, yerüstü və yeraltı keçidlərin, habelə metro stansiyalarının onların sərbəst hərəkəti üçün uyğunlaşdırılmasına və ya yenidən qurulmasına ehtiyac vardır. Yol infrastrukturunun təkmilləşdirilməsi və ya yenidən qurulması məqsədilə aparılan işlərdə əlilliyi olan şəxslərin istifadə imkanlarının nəzərə alınması olduqca vacibdir”, - deyə Səbinə Əliyeva əlavə edib.

Seçilən
17
azertag.az

1Mənbələr