AZ

İkitərəfli liderliyin gücü: Sığorta, risk və innovasiya

Çarlz A. O’Reyli III və Maykl L. Taşman tərəfindən yazılmış “Liderlik et və qalib gəl” kitabı biznesdə “ikitərəflilik”, innovasiya, risk idarəçiliyi və biznes strategiyaları haqqındadır.

Kitabın əsasını təşkil edən “İnnovator dilemması” anlayışı, şirkətlərin özlərini təkrarlayan uğurlu modelləri qorumaq istəyərkən eyni zamanda yeni ideyalarla bazarda fərqlənmək zərurətini ifadə edir. Müəlliflər bu problemi həll etmək üçün iki sistem modeli təklif edirlər: Ənənəvi və innovativ sistem modeli. Bu yanaşma, xüsusilə sığorta və maliyyə kimi mühafizəkar sənayelərdə əhəmiyyətlidir. Sığorta şirkətləri uzun illər boyunca eyni iş modelinə sadiq qalırlar, lakin rəqəmsal transformasiya və dəyişən müştəri tələbləri ilə ayaqlaşmaq üçün innovativ yanaşmaları tətbiq etməlidirlər. Bugünkü sürətlə dəyişən biznes dünyasında liderlərin əsas vəzifəsi təkcə uğurlu olmaq deyil, həm də davamlı uğur əldə etmək üçün daim yenilənmək və inkişaf etməkdir.

Kitabın əsas çağırışı budur ki, dəyişikliklər qaçılmazdır və risklərdən qorxmaq əvəzinə onları idarə etməyi öyrənmək lazımdır. Liderlər hər zaman çeviklik və strateji düşüncə arasında balans yaratmalıdır. Müəlliflər qeyd edirlər ki, şirkətlər qısa müddətli gəlirə fokuslanaraq uzunmüddətli innovasiyaları arxa plana atmamalıdırlar. Bu kontekstdə sığorta və risk idarəçiliyi sahəsində çalışan liderlər üçün mühüm nəticələr çıxarmaq mümkündür. Birincisi, daim dəyişən bazar tələblərinə uyğun yeni sığorta məhsulları hazırlanmalıdır. İkincisi, rəqəmsal texnologiyalardan istifadə edərək innovativ xidmətlər təklif edilməlidir. Məhz bu baxımdan, kitabın təklif etdiyi liderlik yanaşması sığorta sənayesi üçün də mühüm dərslər təqdim edir.

Kitabda həmçinin qeyd olunur ki, çoxlu uğur qazanmış təşkilatlar bəzən dəyişikliklərə müqavimət göstərirlər, çünki onlar öz köhnə modellərinin daim işləyəcəyinə inanırlar. Lakin müəlliflər bildirirlər ki, bazar daim dəyişir və statik qalmaq məhv olmağa səbəb ola bilər. Kitabın əsas diktələrindən biri də budur: Uğurlu liderlər təşkilatlarında dəyişiklikləri təşviq etməli və işçilərini yeni ideyalara açıq olmağa ruhlandırmalıdırlar.

“Liderlik et və qalib gəl” kitabı biznes liderləri üçün, həm də praktiki dərslər təqdim edən mühüm bir mənbədir. Kitabın əsas tezisləri:

İnnovasiya və stabil biznes arasında tarazlıq tapmaq vacibdir.
Risklər qaçılmazdır, lakin onlar idarə olunmalıdır.
Şirkətlər uzunmüddətli strateji düşüncəyə və “ikitərəlilik” amalına sahib olmalıdırlar.
Liderlər işçilərini dəyişikliklərə və yeni ideyalara açıq olmağa təşviq etməlidirlər.

Kitabda vurğulanan “İkitərəflilik” anlayışı, təşkilatların həm mövcud bizneslərini qoruyub inkişaf etdirməsi, həm də eyni zamanda yeni innovasiyalar yaratması zərurətini ifadə edir. İkitərəflilik, təşkilatların iki fərqli məqsədi eyni anda balanslı şəkildə idarə edə bilmə bacarığıdır. Bir çox uğurlu şirkətlərin uğursuzluğa düçar olmasının əsas səbəbi yalnız istismar strategiyasına fokuslanmalarıdır. Onlar mövcud bazarda qazanc əldə edirlər, lakin yeni texnologiyalar və dəyişən bazar şərtləri onları sıradan çıxarır. Bu səbəbdən, kitabda qeyd olunur ki, uğurlu liderlər hər iki yanaşmanı paralel şəkildə idarə etməyi bacarmalıdırlar.

Sığorta və risk idarəçiliyində isə “İkitərəflilik” daha da vacibdir, çünki, mövcud sığorta xidmətlərinin effektiv idarə olunması şirkətə stabil gəlir gətirir. Yeni risk modelləri, rəqəmsal platformalar və innovativ məhsulların yaradılması isə şirkətin gələcək bazarda mövqeyini qorumasına kömək edir.

Kitab eyni zamanda hər şirkətdə araşdırmanın vacib olduğunu, bazar tədqiqatının mütləq olduğunu vurğulayır.

 

Son olaraq…

Kitabın adının daha peşəkar seçilməsini istərdim, çünki kitab çox ciddi tədqiqatların nəticəsidir. “Liderlik et və qalib gəl” adı çox ümumi və sıradan səslənir. Kitabdakı əsas ideyalar: ikitərəfli liderlik, risk idarəçiliyi və innovasiya, kitabın adında daha aydın şəkildə ifadə oluna bilərdi. Əgər müəlliflərdən biri olsaydım, kitabın adını “İkitərəfli liderlik: risk və innovasiya” qoyardım. Çünki bu ad həm diqqətçəkici, həm də kitabın əsas mesajını dəqiq çatdıran bir addır.

İlahə Ümidli
06.03.2025

Seçilən
33
heftelik.az

1Mənbələr