AZ

“Trampın açıqlamaları ilə nefti ucuzlaşmayacaq” - Rüfət Quliyev

Son aylarda neft qiymətlərində enmə müşahidə olunur. Ucuzlaşma Azərbaycanın ixrac etdiyi neftin qiymətində də görünür. 

 

Sfera.az xəbər verir ki, Azərbaycanın satdığı neftin qiyməti son günlərdə 13 dollardan çox enib. Azərbaycanın ixrac etdiyi neftin qiyməti bu müddətdə 84 dollardan 71 dollara düşüb. 

 

Neftin ucuzlaşmasının nə ilə əlaqədar olduğunun və ticarət müharibələrinin güclənməsi fonunda neftin qiymətinin daha da düşüb-düşməyəcəyi ilə bağlı Sfera.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor Rüfət Quliyev hesab edir ki, neftin qiyməti bundan artıq enməyəcək:

 

“Çünki əsas neft idxal edən ölkələrdən Çində və Hindistanda müsbət iqtisadi meyillər var. Çində bu yaxınlarda Mərkəzi Kommunist Partiyasının iclası keçirildi və qərara alındı ki, dövlət iqtisadiyyatın illik artımını ən azı 5 faiz təmin etməlidir. Bunun üçün dövlət bankına və bütün maliyyə strukturlarına tapşırıq verildi ki, investisiyalar ayrılsın və böyük Çin iqtisadiyyatının inkişafı təmin olunsun. Digər tərəfdən, Hindistanın ÜDM artımı kifayət qədər yüksəkdir. Hindistan və Çin dünyada iki nəhəng Asiya iqtisadiyyatı hesab olunur. Digər ölkələrdə də ümumi inkişaf onu göstərir ki, 2025-ci ildə qlobal iqtisadi artım təxminən 3 faiz olacaq. Bu səbəbdən neftin qiymətinin süni şəkildə aşağı düşməsinə heç bir əsas yoxdur. Trampın açıqlamaları ilə neftin qiymətini azaltmaq mümkün deyil. Bu cür oyunların nəticəsində ABŞ iqtisadiyyatı zərər görür və görəcək”. 

 

İqtisadçı söylədi ki, süni müdaxilələrlə qiymət endirilməsinə nail olunarsa bu, bütün ölkələrin zərər görməsinə səbəb olacaq:

 

“Bir barel neftin qiyməti təxminən 70 dollar olduqda, Azərbaycanın nefti 2 dollar 70 sent daha baha satılır. Bu səbəbdən narahat olmağa əsas yoxdur. Azərbaycan öz inkişafını davam etdirəcək. Bununla belə, ticarət müharibələri nəticəsində ən çox zərər çəkən adi insanlardır. Bu, inflyasiyanın daha da artmasına səbəb olur. Nəticədə isə yalnız zəngin insanlar və silah alveri ilə məşğul olan nəhəng şirkətlər daha da varlanır. 

 

Ticarət müharibələri təxminən 300 ildir ki, var. Napoleon İngiltərəyə ticarət müharibəsi elan etmişdi və bu savaş illərlə davam etdi. Dünyada elə iqtisadi mexanizm yoxdur ki, onun vasitəsilə qlobal iqtisadi inkişafı tamamilə dayandırmaq mümkün olsun. Lakin bütün ölkələr bu proseslərdən müəyyən dərəcədə ziyan görəcək”. 

 

Fidan Hacızadə
 

Seçilən
7
sfera.az

1Mənbələr