AZ

Onıar kreditlə bağlı bu tələbdən azad olunurlar

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi 100 min manatdan çox olan hüquqi və fiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdim etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Kredit büroları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

Təklif edilən dəyişikliklə kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

Məlumat üçün bildirək ki, qanunun 12.1-ci maddəsi nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. 

Eyni zamanda qanunun 22-ci maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Dövriyyəsi həmin məbləğdən az olan nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən bu məlumatın təqdim edilməsi isə onların vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulur.

“Kredit tarixçələrini təşkil edən məlumat” dedikdə kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə imkan verən məlumatlar nəzərdə tutulur.

Kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur.

Bütün qeyd olunanlar nəzərə alınmaqla təklif olunan dəyişikliyə görə, bu məlumatların kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi ləğv edilir.

Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.

Qanun layihəsi bu sahədə inzibatçılığın sadələşdirilməsinə, müvafiq məlumatları könüllü təqdim etmə mexanizminin bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilməsinə xidmət edir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Mina Mikayılova

Seçilən
23
7
bakivaxti.az

8Mənbələr