AZ

Paltaryuyan maşını təbii vasitələrlə necə təmizləmək olar?

Paltaryuyan maşın paltarlarımızı yuyur, lakin bu, onun həmişə təmiz qaldığı anlamına gəlmir. Vaxt keçdikcə maşının içində kirlər toplanır, bəzi yerlərdə çirkli su qalır və ya nəm paltarların uzun müddət içəridə saxlanması səbəbindən kif yaranır. Əgər paltaryuyan maşın düzgün təmizlənməzsə, yuyulan paltarların da pis qoxuya səbəb olması mümkündür.


Pravda.az bu problemlərin qarşısını almaq üçün kimyəvi vasitələrdən istifadə etmədən, evdə olan təbii maddələrlə paltaryuyan maşını təmizləmə üsullarını təqdim edir.


Yuyucu toz və yumşaldıcı əlavə edilən hissənin təmizliyi:


Paltaryuyan maşında ən çox çirklənən yerlərdən biri yuyucu toz və yumşaldıcı bölməsidir. Bura yığılan qalıqlar maşının səmərəliliyini azalda bilər. Təmizlik üçün aşağıdakıları edin:


Lazım olanlar:
 

1 stəkan alma və ya üzüm sirkəsi
 

1 litr su


Necə tətbiq etməli?


1. Suyu qaynadın və 5 dəqiqə soyumasını gözləyin.


2. İçinə sirkə əlavə edib qarışdırın.


3. Əgər bölmə çıxarıla bilirsə, onu çıxarıb əvvəlcə təmiz su ilə yuyun, sonra sirkəli suda 10-15 dəqiqə saxlayın.


4. Sonda su ilə yaxalayıb yerinə qoyun.


5. Əgər bölmə çıxmırsa, sirkəli suyu sprey qabına töküb, süngərlə silə bilərsiniz.


Maşının əsas iç hissəsinin təmizliyi:


Paltaryuyan maşının içində yığılan kir və ərp bir müddət sonra onun yaxşı işləməsinə mane olur. Bunun üçün sirkə və duz mükəmməl həll yoludur.
 

Lazım olanlar:


1 stəkan ağ sirkə


1-1,5 xörək qaşığı duz


Necə tətbiq etməli?
 

1. Sirkə və duzu qarışdırın.


2. Qarışımı yuyucu toz bölməsinə əlavə edin və ya duzu bölməyə, sirkəni birbaşa maşının içinə tökün.


3. Maşını boş vəziyyətdə 90°C-də 1,5 saat işlədin. Əgər paltaryuyan maşınınız bu temperaturda işləməyə uyğun deyilsə, 60°C-də də edə bilərsiniz.


Digər vacib təmizlik məsləhətləri


Paltaryuyan maşının qapağı və iç hissədəki rezin də tez-tez təmizlənməlidir. Hər yuyulmadan sonra quru dəsmalla silin, əgər kif və ləkə varsa, sirkəli su ilə silə bilərsiniz.


Əgər bütün bu təmizlik metodlarındabən sonra pis qoxu qalırsa, peşəkar ustadan məsləhət ala bilərsiniz.


Xatırlatma: Bu üsulları tətbiq edərək paltaryuyan maşınınızı uzun müddət təmiz və təmirə ehtiyacı olmadan saxlaya bilərsiniz.


Əminə Bayramova

Tarix: 7 Mart 2025, 13:58   
Seçilən
23
pravda.az

1Mənbələr