AZ

Azərbaycan türk dünyası üçün dəhliz açacaq - Professor

Azərbaycan

“Zəngəzur Azərbaycan və bütövlükdə türk dünyasına süni şəkildə yaradılan problemdir. Zəngəzur 10 min kvadratkilometri əhatə edirdi və zamanında “kommunizm”, “xalqlar dostluğu”, “sosializm” kimi cəfəng şüarlar altında Azərbaycandan alınaraq Ermənistana verilib. Həmin dövrdə məhz Moskvanın səyi nəticəsində Azərbaycan hakimiyyətinin yüksək pilləsində ermənilər təmsil olunurdu. Təəssüflər olsun ki, zamanında bu proses süni şəkildə həyata keçirilib və buna qarşı müqavimət olmayıb. Son nəticədə həm Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa əlaqə pozulub, həm türk dünyası arasında əlaqə kəsilib, həm də Azərbaycan tarixi ərazisini itirib. Bu da sonda Qarabağla bağlı əsassız erməni iddialarının reallaşdırılmasına cəhdə səbəb olub”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

Müsahibimiz qeyd edib ki, Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi türk dünyasının inkişafına zərbə vurub.

Q. Hüseynli xatırladıb ki, həmin dövrdə Nəriman Nərimanova Moskvada vəzifə verib və qısa müddət sonra zəhərləyərək aradan götürüblər: “Beləcə, müqavimət üçün imkan yeri qoymayıblar və Mirzoyan kimi ermənilərin əlinə yaxşı fürsət düşüb. Bununla da Zəngəzur məsələsini böyük saxtakarlıqla özləri üçün həll ediblər. Sonrakı illərdə isə bu səhvi düzəltməyə cəhdlər olmayıb. İndi Azərbaycan dövləti və şəxsən prezident İlham Əliyev bu məsələni qaldırır, Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni edir. O, zamanında buraxılmış səhvin bir hissəsini həll etmək istəyir”.

Professorun sözlərinə görə, 28,9 min kv.metrlik sahədə yaradılmış Ermənistanın bütün ərazisi Azərbaycanın qədim torpaqlarıdır.

Q. Hüseynli bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını təmin etməklə həm Naxçıvana birbaşa quru və dəmiryolu əldə edəcək, həm də türk dünyası üçün dəhliz açılacaq:

“Hələ sovet zamanı Zəngəzur dəmir yolları Azərbaycanın mülkiyyəti idi. Ümid edirəm ki, biz bunu geri qaytaracağıq. Normalda bu yolun açılması Ermənistanın da xeyrinədir. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi dediyi sözü qısa müddət sonra danır. Ancaq reallıq göstərir ki, onlar əvvəl-axır Azərbaycanın tələbinə əməl etməli olacaqlar”.

Y. QACAR
Seçilən
20
reyting.az

1Mənbələr