Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkil olunacaq.
Elektrkli avtobusların fəaliyyəti ekologiyaya necə təsir göstərəcək? Bu məsələ başqa şəhərlərdə də tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, Naxçıvanda avtobusların elektrikli olması ilə bağlı verilən sərəncam alqışlanmalıdır:
"Amma bu, bütün rayonların, bütün bələdiyyələrin işi olmalıdır. Bu proseslər həyata keçirilməlidir ki, təmiz mühitə sahib olunsun. Lakin bir gül ilə bahar olmur. Sadəcə Azərbaycanda bunu həyata keçirməklə ekologiyaya, qlobal istiləşməyə çox da böyük töhfə verilmir".
Ekoloq qeyd etdi ki, coğrafi baxımdan biz böyük işlər görə bilərik.
"Elektrikli avtobusların istehsalında ekologiyaya nə qədər zərər dəyməsi mübahisəli mövzudur. Hesab edirəm ki, Naxçıvanda belə siyasətin həyata keçirilməsinə görə dövlət rəhbərinin sərəncam imzalaması çox uğurlu addımdır. İstər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər iri şəhər və qəsəbələrimizdə də tətbiq olunmalıdır", - deyə Q.İbrahimli bildirdi.
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, Naxçıvanda hal-hazırda ictimai nəqliyyat instrukturlarına tələbat Bakıda olduğu qədər deyil:
"Bakıda kifayət qədər özəl şirkətlər dizel yanacağı ilə işləyən yeni avtobuslar gətiriblər. Onların istismar müddəti bitdikcə, tədricən elektrikli avtobuslara keçid olunacaq. Naxçıvan pilot layihə olacaq. Ölkə prezidenti tərəfindən sərəncam verilməsi yaxşı haldır. Naxçıvanda dinamik olaraq ictimai nəqliyyat infrastrukturu inkişaf etməyə başlayır. Tam elektrikli avtobuslara keçid pilot layihə olacaq. Düşünürəm ki, Xankəndi və bizim digər Qarabağ bölgələrimizdə gələcəkdə şəhərlər qurulduqca infrastruktur elə formalaşacaq ki, orada da ictimai nəqliyyat sistemi qurularkən yalnız elektrikli avtobuslar tətbiqinə icazə veriləcək. Beləliklə, ictimai nəqliyyatda sərnişin daşınma sektoru birbaşa elektrikli avtobuslara keçidi təmin etmiş ola bilər".
Ekspert qeyd etdi ki, bu fəaliyyət yalnız Naxçıvanla məhdudlaşmayacaq.
"Tədricən Mingəçevir, Lənkəran və sair böyük şəhərlərdə bu tətbiq oluna bilər. Eyni zamanda, nəqliyyat daşıyıcı şirkətlər yeniləndikcə elektrikli avtobuslara keçid təmin olunacaq. Nəticə etibarilə ölkə ekologiyasında, karbonun atmosferə daxil olmasında müstəsna bir rol oynayacaq" - deyə İ.Hüseynli bildirdi.
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.
