AZ

Media: ABŞ-ın Rusiyadakı Ticarət Palatası sanksiyaların ləğvi üçün təkliflər hazırlayır

Bakı, 7 mart, AZƏRTAC

Birləşmiş Ştatların Rusiyadakı Ticarət Palatası ABŞ hökumətinə investisiya, aviasiya, maliyyə və idxal sanksiyalarının ləğvi ilə bağlı tövsiyələrdən ibarət hesabat hazırlayır.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Rusiyadakı Ticarət Palatasının prezidenti və baş direktoru Robert Eyci bu barədə Rusiyanın RBK multimedia holdinqinə müsahibəsində deyib.

“Biz ABŞ hökuməti üçün tövsiyələr ehtiva edən proqram sənədi, hesabat hazırlayırıq. Bu, şirkətlərimizin son üç ildə üzləşdiyi problemlər və sanksiyaların onlara təsiri ilə bağlı aparılan təhlildir”, - deyə Robert Eyci bildirib.

ABŞ Ticarət Palatası ilk növbədə aviasiya sektorunda sanksiyaların ləğvini istəyir. Aviasiya sanksiyaları təyyarələrin ehtiyat hissələrinin tədarükü və texniki dəstəklə bağlıdır. “Bu, daha çox biznes arzusu və humanitar zərurətdir. Belə ki, həmin sanksiyadan ən çox əziyyət çəkən sadə vətəndaşlardır”, - deyə palata rəhbəri əlavə edib.

Onun sözlərinə görə, tövsiyələrin ikinci bəndi ABŞ şirkətlərinin Rusiyada investisiya yatırımlarına qoyulan qadağanın aradan qaldırılmasıdır. Birləşmiş Ştatların bir çox şirkəti bu ölkədə istehsalı genişləndirməyə və sərmayə yatırmağa hazırdır, lakin qadağalar müəyyən maneələr yaradır.

Bundan başqa, ABŞ Ticarət Palatası kosmetika da daxil olmaqla lüks məhsullar hesab edilən malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif edir. Bu istiqamətdə tətbiq edilən sanksiyalar bir çox şirkətlərin bazar payını itirməsi ilə nəticələnib.

Qurum, həmçinin transsərhəd ödənişlər problemini həll etmək üçün Rusiya banklarına qarşı qoyulan sanksiyaların ləğvinə də çağırır. Bu addım həm Rusiya, həm Amerika, həm də digər xarici şirkətlər üçün biznes qurmaq xərclərini azaldacaq. Robert Eycinin proqnozuna görə, tövsiyələrə əməl edilsə, 2025-ci ildə təxminən 4-5 ABŞ şirkəti Rusiyaya qayıda bilər.

Qeyd edək ki, Ticarət Palatasının məlumatına əsasən, hazırda Rusiyada 150-yə yaxın ABŞ şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Birləşmiş Ştatların 150 şirkəti Rusiyanı tərk edib, 50 şirkət isə Rusiya kompaniyalarına çevrilib.

Seçilən
14
1
azertag.az

2Mənbələr