AZ

Alimlərdən super bakteriyalara qarşı İNQİLABİ addım

Alimlərdən super bakteriyalara qarşı

Böyük Britaniya alimləri xəstəxanalarda infeksiyaların daha sürətli və dəqiq diaqnozuna imkan verən yeni DNT sıralama texnologiyası hazırlayıblar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu sistem Barts Health NHS və Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) ilə birgə həyata keçirilib.

Ənənəvi üsullarla bakteriyaların növünü müəyyən etmək günlər, hətta həftələr tələb edirsə, yeni texnologiya 48 saat ərzində qəti diaqnoz qoymağa imkan verir. Bu isə həkimlərə geniş spektrli antibiotiklər əvəzinə, infeksiyaya qarşı ən uyğun müalicəni tez bir zamanda təyin etməyə kömək edir.

Bakteriyaların müəyyən edilməsinin gecikməsi həkimləri təsiri qeyri-müəyyən olan geniş spektrli antibiotiklər təyin etməyə məcbur edir. Bu, yan təsirlərə və antibiotik müqavimətinin artmasına səbəb olur. Yeni DNT sıralama metodu isə bakteriyaların genetik quruluşunu analiz edərək, onların hansı antibiotiklərə davamlı olduğunu dəqiq müəyyənləşdirir.

Bu yanaşmanın əsas üstünlüyü xəstələrin daha tez sağalmasına imkan verməsidir. Səhv antibiotiklərlə müalicə prosesin uzanmasına səbəb ola bilər. Yeni texnologiya isə düzgün müalicənin vaxtında aparılmasını təmin edərək, xəstələrin daha qısa müddətdə sağalmasına və xəstəxanadan tez buraxılmasına kömək edir.

Bundan əlavə, antibiotiklərin yanlış istifadəsinin azalması xəstəxana infeksiyalarının yayılma riskini də xeyli azaldacaq. Super bakteriyalar, xüsusilə immun sistemi zəif olan xəstələr üçün ölümcül təhlükə yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) super bakteriyaları qlobal sağlamlıq üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir. Böyük Britaniyanın Milli Audit İdarəsinin hesabatına görə, antibiotiklərə davamlı bakteriyalar hər il ölkədə 35 mindən çox insanın ölümünə səbəb olur.

Yeni metodun xüsusilə sepsis və meningit kimi ciddi infeksiyaların diaqnozunda həyati əhəmiyyət kəsb etdiyi vurğulanır. Barts Health NHS-dən Dr. Ian Butler qeyd edir ki, bu üsul hətta antibiotiklərlə yatırılmış bakteriyaların belə aşkarlanmasına imkan verir və xəstəxanalarda müalicə prosesində inqilabi dəyişiklik yaradacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
12
e-saglam.az

1Mənbələr