AZ

Kanada 51-ci ştata çevrilməyəcək - “Trampın əsl məqsədi başqadır”

ABŞ və Kanada arasındakı gərginlik son günlərdə bir qədər də artıb. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək istədiyindən əl çəkməməsi, eləcə də Kanadadan idxal edilən mallara 25% gömrük rüsumu tətbiq edilməsinə dair qərar iki ölkə arasındakı münasibətləri daha da pisləşdirib. Bu addımların həm siyasi, həm də iqtisadi sahələrdə yeni gərginliklərə səbəb olacağından qorxulur. 

 

Bəs ABŞ Kanada ilə bağlı istəklərini həyata keçirə biləcəkmi? ABŞ-nin tələbləri iki ölkə arasında hərbi gərginliyə çevrilə bilərmi?

 

Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov dedi ki, ABŞ Prezidenti Donald Tramp dünyada mövcud olan vəziyyəti kökündən dəyişə biləcək bir sıra iddialar ortaya qoyub. O qeyd etdi ki, Panama kanalı, Qrenlandiyanın ABŞ-nin ixtiyarına verilməsi, Qəzza sakinlərinin ərəb ölkələrinə köçürülməsi və Kanadanın 51-ci ştat halına gətirilməsi istiqamətindəki iddialar bu məqsədə xidmət edir. 

 

Politoloqun fikrincə, Trampın tələblərinin dünya ictimaiyyəti və müvafiq ölkələr tərəfindən qəbul edilməməsinə baxmayaraq onun geri çəkilməməsi narahatçılığı artırır:

 

“O, bu vaxta qəqər “tutduğunu buraxmayan şəxsiyyət” imici qazandığına görə onun sona qədər israr edəcəyi barədə düşünənlər var. Amma bu necə ola bilər və ya hazırda müstəqil dövlət kimi mövcud olan ölkələr Amerikanın növbəti ştatına hansı yolla çevrilə bilər? Bugünkü perspektivdən baxdıqda bu yalnız müharibə yolu ilə mümkündür. Yəni, Amerika Kanada kimi ölkəni özünə tabe etdirmək istəyirsə, deməli ona qarşı müharibə elan etməlidir. Bunun nə dərəcədə real olması həqiqətən ciddi müzakirə mövzusu ola bilər”. 

 

Politoloqun sözlərinə görə, Donald Trampın Kanadaya qarşı iddialarının iki ölkə arasında müharibəyə gətirib çıxaracağı ehtimalı çox azdır:

 

“Tramp bu yaxınlarda Kanada haqqında, xüsusən də ticarət, immiqrasiya və müdafiə xərcləri ilə bağlı sərt bəyanatlar versə də, bu cür ritorika faktiki hərbi qarşıdurmadan daha çox siyasi təzyiqə bənzəyir. İki ölkə arasında dərin iqtisadi əlaqələr var. ABŞ və Kanada bir-birlərinin ən böyük ticarət tərəfdaşıdır və müharibə hər ikisi üçün iqtisadi cəhətdən fəlakətli ola bilər. Bu ölkələr ortaq hərbi alyansdadırlar. Hər iki ölkə NATO və NORAD-ın (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı) bir hissəsidir, yəni onlar münaqişə tərəfləri deyil, müdafiə sahəsində əməkdaşlıq edirlər. Bunlardan başqa hər iki ölkədə müharibə üçün əhəmiyyətli siyasi və ya ictimai iradə yoxdur, hətta Trampın ritorikası da hərbi əməliyyatları nəzərdə tutmur”.

 

Ə.İbrahimov vəziyyətin hansı istiqamətdə inkişaf edə biləcəyindən bəhs edərək bildirib ki, Trampın çıxışları real müharibə göstəricisi deyil. Onun sözlərinə görə Trampın məqsədi başqadır:

 

“ABŞ öz xeyrinə yeni ticarət sövdələşməsini əldə etmək istəyir. Biz bunun əlamətlərini artıq görürük. Tramp Kanadanı həmçinin NATO öhdəlikləri çərçivəsində müdafiə büdcəsini artırmağa məcbur edə bilər. Əslində, Trampın bəyanatları real müharibə təhlükəsi deyil, onun siyasi və həm də iqtisadi strategiyasının bir hissəsi kimi başa düşülməlidir. Tramp sona qədər müharibə təhlükəsindən istifadə edərək öz iqtisadi tələblərini yerinə yetirməyi hədəfləyir”. 

 

Fidan Hacızadə
 

Seçilən
13
sfera.az

1Mənbələr