AZ

36 ana evində bağça xidməti göstərir

Azərbaycanın 16 rayonunda 36 nəfər ana-tərbiyəçinin iştirakı ilə “Ailə tipli təlim qrupları” fəaliyyət göstərir.

Bunu TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildiriblər.

Agentlikdən deyilib ki, “Ailə tipli təlim qrupları” bu tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi çərçivəsində yaradılır: “Bu təlim qrupları 36 nəfər ana-tərbiyəçinin iştirakı ilə fəaliyyətə başlayıb. Layihə çərçivəsində 292 nəfər uşağın məktəbəqədər təhsilə əlçatanlığı təmin olunub. Ailə tipli təlim qruplarında göstərilən xidmətlərə görə ana-tərbiyəçilər müqavilə əsasında maliyyə vəsaiti ilə təmin olunurlar”.

Sorğuya cavabda o da bildirilib ki, ailə tipli təlim qrupları 1,5-6 yaşlı 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Ana tərbiyəçilər uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir.

Xatırladaq ki, hazırda ölkəmizdə uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir.  “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Regionlarda uşaqların məktəbəqədər təhsilə cəlbi üçün dünyada tətbiq edilən uğurlu təcrübələrdən istifadə əsas hədəflərdəndir. Onlardan biri “Ailə tipli təlim qrupları” modelidir.

Seçilən
37
tehsil.biz

1Mənbələr