AZ

Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə

Türkiyənin “Boluspor” klubunda forma geyinən Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib. Türkiyə kubokunda “Qalatasaray”a qol vurmuş İsgəndərli Azərbaycan millisinə dəvət edilmək istəyi haqda da danışıb.

- “Boluspor”da işləriniz necə gedir? Komanda birinci liqada 8-ci pillədə yer alıb. 

- Bəli, “Boluspor”da işlərim yaxşı gedir. Klub özü də pis getmir. Ardıcıl qələbələr qazanırıq. Pley-off mərhələsində mübarizə apara bilərik. Superliqaya çıxmaq şansımız var. Sona qədər də mübarizə aparacağıq. İnanıram ki, hər şey yaxşı alınacaq.

- Baş məşqçi Yalçın Koşukavakla münasibətin necədir? Səndən razıdır? 

- Əslində, baş məşqçi məndən razıdır. Amma daimi oynamamağımın fərqli səbəbləri var. Allah qoysa, mövsüm başa çatdıqdan sonra bu haqda məlumat verərəm. Niyə oynamırdım, səbəbləri nə idi, bu mövzuda danışaram. İndi isə onlara yox, məşqlərimə, komandaya kömək etməyə, şans veriləcəyi təqdirdə daimi olaraq oynamağa fokuslanmışam. Bu komandaya məni transfer edən də elə baş məşqçimizdir, hər şey normaldır. Səbirli olmağımı, vaxt keçdikcə daha çox oyun dəqiqəsi alacağımı bildirir. Mən də məşqlərdə özümü ən yaxşı tərəfdən göstərib, oyunlarda şans gözləyirəm.

- Azərbaycan milisinin bu ay yoldaşlıq oyunları olacaq. Fernandu Santuşdan dəvət gələcəyinə inanırsan? 

- Hər bir futbolçu kimi mən də, yenidən o qüruru yaşamaq, gözəl formanı geyinmək istəyirəm. Baş məşqçimizin seçimi necə olacaqsa, ona hörmətlə yanaşacam. Təbii ki, millidə oynamağı çox istəyirəm. Xeyirlisi. Necə olacaq, görəcəyik.

- Türkiyə kubokunda “Qalatasaray”a qol vurduqdan sonra sənə olan diqqət artıb? Hər halda, Türkiyədə belə bir şey var ki, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”a qol vuran futbolçular adətən sonradan daha çox diqqət görür..

- Əlbəttə ki, “Qalatasaray”a qol vurduqdan sonra daha çox diqqət oldu. Hətta oynamalı olduğum, daha çox vaxt almalı olduğum dilə gətirildi. Bilirsiz, təkcə qola görə demirəm. Mənə şans verildiyi oyunlarda özümü ən yaxşı tərəfdən göstərdiyimi düşünürəm. Yenə şans veriləcək, yenə ən yaxşısını edəcəm.

- 2025/2026 sezonuna da “Boluspor”da başlayacaqsan? Mövsümün sonunda müqavilən başa çatır. Klub sənə yeni müqavilə təklif edib?

- “Boluspor”da hələ heç bir futbolçu ilə yeni müqavilə haqda danışıq olmayıb. Amma belə bir şeyin olacağı gözlənilir. Görək, xeyirlisi olsun. “Boluspor”dan yeni müqavilə təklifi gələrsə, oturub danışacağıq. 

- Yeni sezon Azərbaycan Premyer Liqasında legioner limiti ləğv ediləcək. Səncə, yerli futbolçulara güvənəcək xarici klublar tapılacaq?

- Bəli, bundan xəbərim var. Amma legioner limitinin ləğvi ilə bağlı mənim nəsə deməyim, şərh verməyim doğru olmazdı. Futbolçu kimi yox, azarkeş kimi deyəsi olsam, əlbəttə ki, mənə görə də legioner limitinin ləğvi yaxşı deyil. Çünki xarici futbolçular çox gətirilsə, azərbaycanlı oyunçular oynamaq şansı tapmaqda çətinlik çəkəcəklər.

"Kəpəz"in legioneri Malta yığmasına çağırılıb

"Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar

"Qarabağ"ın azərbaycanlı futbolçusu Avropa yolunda - TRANSFERDƏ İSRARLIDIRLAR

Birinci Liqa: "Qəbələ" "Cəbrayıl"a, "Mingəçevir" "İmişli"yə qarşı - YENİLƏNİR

Azərbaycan UEFA reytinqində geriləyib

Seçilən
26
apasport.az

1Mənbələr