AZ

MM 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı haqda qadağanı I oxunuşda qəbul edib

Gələn ildən etibarən 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı qadağan edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirə edilib.

Bildirilib ki, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı dayandırılır.

Qanun layihəsinə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları isə 2026-cı il iyulun 1-dən qadağan edilir.

Qanuna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinə də yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata, hüquqi şəxslər 3 000 manatdan 4 000 manata qədər cərimə edilir.

Həmçinin, daha bir dəyişikliklə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata, hüquqi şəxslər 4 000 manatdan 5 000 manata qədər cərimə edilir.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Seçilən
90
49
operativmm.az

10Mənbələr