İdeya korafəhmliyi sağalmaz xəstəlikdir
Sovetlər dönəmində məsul vəzifələrdə işləmiş, orden və medallar almış, bütün həyatını sonsuz məhəbbət və itaətkarlıqla sosialist ideyalarının təntənəsinə həsr etmiş qoca, ömrünün son anlarında da ötən günlərin xiffəti ilə yaşayırdı. Sosializmə nə qədər bağlı olduğunu yatdığı evin divarlarından asdığı portretlər də göstərirdi.
Divarların birindən proletariatın dahi rəhbəri Karl Marksın, o birindən Fredrix Engelsin, digər tərəfdən Vladimir İliç Leninin, dördüncü divardan isə İosif Stalinin portretlərini asmışdı. Ömrünün son günlərini də bu portretlərlə bir keçirirdi.
Günlərin birində bütün ömrünü sədaqətlə sosializm ideyalarına xidmətə həsr etmiş xəstə qoca yorğan-döşəyə düşür və bu vəfasız dünyadan nakam köçmək istəmir, son istəyi ürəyində qalmasın deyə, oğlanlarını yatdığı çarpayının ətrafına toplayır.
- Övladlarım, mənim artıq son nəfəsimdir, istəyirəm, son sözlərimi eşidib, son vəsiyyətimə əməl edəsiniz.
Uşaqların üzünə xoş bir təbəssüm qondu, fikirləşdilər ki, yəqin bütün ömrü sovetlər dönəmində yüksək vəzifələrdə keçirmiş, rüşvətlər alıb-vermiş atalarının yəqin gizli bir saxlancı, qır-qızılı var və indi onun yerini deyəcək.
- Mən bütün ömrümü Sovet hökümətinin çiçəklənməsinə həsr etmişəm. Sağ olsun, o hökümət də əməyimi itirməyib, yüksək qiymətləndirib, orden və medallarım var. İndi son nəfəsimdir, istəyirəm, Sovet hökümətinə, sosializm ideyalarına sədaqətimi dəfnimə gələn hər bir insan təkcə eşitməsin, həm də görsün.
Qocanın üz-gözü işıqlandı, sinəsi medallı günləri, iclaslarda odlu-alovlu çıxışları yadına düşdü, Sovet hökümətinə məhəbbəti yadına düşdü.
- Canımı tapşırıram, siz heç vaxt bir sözümü iki etməyibsiniz, son arzumu da yerinə yetirin, yatağımın yönünü divarın Marksın portreti asılmış səmtinə çevirin.
Bütün ömrü yüksək vəzifələrdə, alış-veriş sövdalarında keçmiş atalarından var-dövlət vəsiyyəti əvəzinə bu arzunu eşidəndə təəccüblə bir-birinin üzünə baxdılar. Son nəfəsdə bu istək bütün ümidlərini daşa çaldı, qol-qanadlarını qırdı. Qardaşlar köməkləşib daş kimi ağır kravatı güc-bəla ilə Marksın portreti asılmış divara sarı çevirdilər.
Qocanın solğun baxışları işıqlandı, sanki sədaqət nümayiş etdirirmiş kimi əlini başı üzərinə qaldırmaq istədi, amma gücü çatmadı, yalnız başını yelləyə bildi. Aradan bir az keçdi, üzücü sükutu qocanın xırıltılı səsi pozdu, yenə oğlanlarına üz tutdu:
- Uşaqlar, kravatımın yönünü Engelsin şəklini asdığım divara sarı çevirin. Uşaqlar bu “əmri” də yerinə yetirdi, dəmir çarpayını güc-bəla ilə fırlayıb, yönünü indi də Engelsin portretinə tərəf çevirdilər.
Bir müddət də keçdi, ağır sükutu ağır-ağır nəfər alan qocanın zəif səsi pozdu:
- Oğlanlarım, məni Leninin portretinə tərəf çevirin.
Atalarının çarpayısı önündə əmrə müntəzir əsgər kimi dayanan uşaqlar yenə ağır kravatı köhnə, sınıq-sallah döşəmənin üstü ilə Leninin portretinə tərəf fırladılar.
Yenə araya dərin sükut çökdü. Qoca balıncının altından qırmızı rəngli partbiletini çıxardı, məlhəm kimi üz-gözünə sürtdü. Bu vəziyyət bir müddət davam etdi. Cansıxıcı sükutu qocanın “əmri” pozdu. Sanki tribunada idi, taqətsiz olsa da amiranə səsi güclə eşidildi:
- Məni Stalinə tərəf çevirin.
Daş kimi ağır kravatı köhnə taxta döşəmənin üzəri ilə Stalinin portreti asılmış divara tərəf çevirdilər.
Beləliklə, gecə keçir, uşaqlar da atalarının əmri ilə dəmir kravatı dörd divar səmtində fırlatmaqdan əldən düşürlər.
Bu çək-çevir, bu fırlatmalar uşaqları əldən salır, axırda qardaşların ən kiçiyi, “saqqallı” sonbeşik dözmür:
- Ay ata, bu ağır kravat bizi əldən saldı, onu dörd divar arasında fırlatmaqdan öldük, “bəlkə də qaytardılar” ab-havası çoxdan torpağa gömülüb, sən canını tapşır, biz bilirik, hara lazımdır, ora da çevirəcəyik…
Allah heç kimə göstərməsin, hər cür xəstəliyin dərmanı var, yalnız ideya korafəhmliyindən başqa, elə ki, tutuldun, bu dünyada, elə axirətdə də o qoca kimi fır-fır fırlanacaqsan…
Vaqif TANRIVERDİYEV
Gəncə