BAKI, TurkicWorld
Yunanıstan mətbuatında Türkiyənin Avropanın təhlükəsizliyində artan rolu və bu dəyişikliklərə uyğunlaşma zərurəti ilə bağlı məqalələr yayımlanıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, "Kathimerini" qəzeti “Yunanıstan Türkiyənin Avropa təhlükəsizliyi üçün artan əhəmiyyətinə uyğunlaşmalıdır” başlığı ilə məqalə dərc edib.
Digər bir yazıda isə Türkiyənin Avropanın müdafiəsində liderlik etməyə hazır olduğu vurğulanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan səfirlərlə keçirilən iftar yeməyində Türkiyə-Yunanıstan münasibətlərində müsbət atmosferin davam etdiyini bildirərək, “Türkiyəsiz Avropanın təhlükəsizliyi düşünülə bilməz” açıqlamasını verib.
Bu açıqlamadan sonra Yunanıstan mətbuatında Türkiyə ilə bağlı müsbət məqalələrin artdığı diqqət çəkir.
Yunanıstanın "Ta Nea" qəzetində yayımlanan məqalədə Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərini gücləndirdiyi və bu geosiyasi üçbucaqda Yunanıstanın kənarda qalmaqdan çəkinməli olduğu vurğulanıb.
Bundan əlavə, Türkiyənin Aİ üzvü olmasa da, bir çox Avropa ölkəsi ilə müdafiə sahəsində strateji tərəfdaşlıq qurduğu qeyd edilib.
Yunan mətbuatı həmçinin Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin qarşılıqlı ad günü təbriklərini də diqqətə çatdıraraq, bu jestlərin müsbət atmosferə töhfə verdiyini yazıb.
Apreldə Ankarada keçiriləcək Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası iclası da iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verə bilər.
Qeyd edək ki, Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri və NATO daxilindəki rolu onun Avropa təhlükəsizliyində strateji mövqeyini daha da gücləndirir.