AZ

İnkişafa əngəl törədən amillər- qohumbazlıq və yerlibazlıq

Qohumbazlıq və yerlibazlıq bəyəniləsi hal sayılmasa da ən müxtəlif cəmiyyətlərdə müşahidə olunur. Daha çox mental dəyərlərlə bağlı olan bu neqativ hal bəzi cəmiyyətlərdə ifrat həddə çatıb. Daha çox insan xarakteri ilə əlaqədar olan qohumbazlıq tarixən siyasi quruluşundan asılı olmayaraq dövlətlər və cəmiyyətlərdə mövcud olub. Elə indinin özündə də mürtəce siyasi sistem və onu idarə edənlərin iliyinə işləyib. Etiraf edək ki, bizdə də qohumbazlıq və yerlibazlıq kimi yad elementlər müşahidə olunmaqdadır. Qohumbazlıq deyəndə öz qohum-qardaşını həddən artıq sevmə, yalnız öz qohumlarının, yaxın adamlarının mənafeyini güdmə, birinci növbədə onların xeyrini nəzərdə tutma başa düşülür. Məhz bu istək dövlət və yaxud özəl qurumlarda təmsil olunan idarəedənlərin qohumlarından ibarət bazasını formalaşdırır. Əslində, burada söhbət təkcə qohum-əqrabanın maraqlarından deyil, yüksək vəzifədə təmsil olunan şəxsin korrupsiya labiritindən gedir. Başqa sözlə, vəzifəli şəxs ətrafına qohumlarını yığmaqla özünün korrupsiya əməlləri üçün yaşıl işıq yandırmış olur. Məlumat üçün qeyd edək ki,  "Vəzifəli şəxslərin faəliyyətində maraqların toqquşması haqqında" adlı qanunla belə hallar qadağan edilir. Belə ki, eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Yəni, eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasına yasaq qoyulur. Çox təəssüf ki, sözügedən qanunun bu müddəası işlək deyil. Analoji müddəa  "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, çalışması qəti qadağan və yolverilməzdir. Beləliklə demək olar ki, siyasi idarəçilik və iqtisadi sahədə yaxın qohumların bir yerdə çalışması yol verilməzdir. Hazırda Azərbaycanda aparılan struktur islahatları bu müddəanı işlək vəziyyətə gətirib. Nəticədə yüksək vəzifəli şəxslərin ətrafına qohumlarını toplamasının qarşısına sədd çəkilib. Məsələ orasındadır ki, hazırda müşahidə olunan qanun pozuntularına daha çox aşağı təbəqəli səlahiyyət sahibləri yol verirlər. Bu təbəqə dövlət və özəl sektorda müxtəlif cür adlanır-sektor müdiri, baş mütəxəssis, menecer və sair. Heç bir məsuliyyət daşımayan, lakin iddiaları böyük olan bu kəsimlər qohumbazlıq və yerlibazlıq edərək ətraflarına "qala divar" çəkirlər. Fakt isə odur ki, yaxın qohumların eyni dövlət orqanında işləməsi korrupsiyaya yol açır.

Etiraf edilməlidir ki, belə hallar həm dövlət, həm də özəl sektorun inkişafında ciddi əngəldir. Əmək fəaliyyətində peşəkar kadrlara deyil, yaltaq qohumlara üstünlük verilirsə heç bir inkişaf, yaxud rəqabətdən söhbət  gedə bilməz. Ortada səmərələşdirici təklif yox, işə peşəkar yanaşma yox, informasiya kommunikasiya texnologiyalarını istehsala  tətbiq edən yox. Sirr deyil ki, ölkədə bütün sahələr üzrə beynəlxalq tələblərə cavab verən ən yüksək səviyyəli mütəxəssislər kifayət qədərdir. Ancaq onların böyük əksəriyyəti ya ixtisası üzrə işləmir, ya da çalışdıqları  təşkilatda sonuncu sırada təmsil olunurlar. Məlumdur ki, ölkədə əksər qurumlarda qulluğa qəbul test imtahanı ilə həyata keçirilir. Statistik məlumata görə, test imtahanında ən yüksək bal toplayan namizədlər nədənsə söhbət mərhələsində saf-çürük edilir. Məlumdur ki, söhbət mərhələsində namizədin dünyagörüşü, məntiqi qabiliyyəti, vətənpərvərliyi, humanizmliyi və vicdanlı olması sınağa çəkilir. Elə isə, nədən qulluğa qəbul edilən namizədlərin mütləq əksəriyyəti qohumbaz, yerlibaz, rüşvətxorluq və  digər iyrənc yollara əl atırlar. Əmması məlum olmasa da anladığımız ondan ibarətdir ki, burada da namizədlərə eyni yanaşma tətbiq edilir. Sirr deyil ki, korrupsiya və rüşvətxorluğa ən yaxşı yol açan hallar eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasıdır. Çox təəssüf ki, Azərbaycanda maliyyə, iqtisadi və dövlət idarəçilik sahəsindəki qərarları birbaşa olaraq qəbul edən dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışması faktları kifayət qədərdir. 

Digər məsələ ondan ibarətdir ki, bütün dövlət qurumlarında ictimai şuralar fəaliyyət göstərir. Fəaliyyətləri qanunla tənzimlənən bu şuralar çox təəssüf ki, təmsil olunduqları qurumların maraqlarından çıxış edirlər. Vətəndaş cəmiyyətlərinn dövlət orqanlarının idarəedilməsində iştirakını təmin etmək adı ilə formalaşdırılan ictimai şuraların hansısa orqanda neqativ halın olması, səmərəli fəaliyyət üçün hansısa tövsiyyənin verilməsinin şahidi olmamışıq. Çünki, həmin ictimai şuralarda təmsil olunanlar təmsil olunduqları qurumlar tərəfindən müxtəlif yollarla razı salınırlar. Dövlət orqanların fəaliyyətinə ictimai nəzarətin zəif olması dövlət və hökumət tərəfindən qəbul edilən qərarların icrasına təsirsiz ötüşmür.  Xüsusən, iqtisadi sahədə dövlətin elan etdiyi tenderlərin şəffaflıq şəraitində keçməsinə imkan vermir və bu sahədə qatı inhisarçılıq formalaşdırır. Çox zaman dövlət orqanı rəhbərləri tenderləri öz tabeli münasibətlərində olan qohumlarına verirlər. Nəticədə sağlam və azad rəqabət mühiti pozulur.  

Bu gün  ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir. Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. İslahatlar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. Son vaxtlar Prezident İlham Əliyevin rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərləri təyin etməsi, onlara etimad göstərməsi, xüsusilə də səlahiyyətlərinin icrasına başlamaları ərəfəsində onları qəbul edərək tövsiyələrini verməsi söylədiklərimizin əyani sübutudur. Bütün sadalananlara baxmayaraq ölkədə aparılan struktur islahatları belə halların qarşısının alınmasında əminlik yaradır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr