
Hamiləlik dövründə hormonal balansdakı dəyişikliklər ana və körpənin sağlamlığı üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, xüsusilə qalxanabənzər vəzi xəstəlikləri və hamiləlik diabeti kimi endokrin problemlər vaxtında aşkarlanmazsa, fəsadlara səbəb ola bilər. Mütəxəssislər bu xəstəliklərin erkən diaqnoz və düzgün müalicəsinin vacibliyini vurğulayırlar.
Hamiləlikdə tiroid sağlamlığı və yod dəstəyi
Hamiləlik zamanı estrogen səviyyəsinin yüksəlməsi, beta HCG hormonunun təsiri və artan yod ehtiyacı tiroid funksiyalarına təsir edə bilər. Mütəxəssislər hamiləliyi planlaşdıran və ya hamilə olan qadınlara qalxanabənzər vəzi funksiyalarını yoxlatdırmağı tövsiyə edirlər.
Gələcək analara gündəlik 150 mikroqram yod əlavəsi qəbul etmək tövsiyə edilir. Bu dəstək fol turşusu və digər multivitaminlərlə birgə qəbul edilə bilər. Bu əlavələr hamiləlik planlaşdırma mərhələsindən başlayaraq ana südü ilə qidalanma dövrü tamamlanana qədər davam etdirilməlidir.
Hipotiroidizm və hamiləlik
Hipotiroidizmi olan qadınların hamiləlik zamanı tiroid hormon ehtiyacları artır. Əgər qadın qalxanabənzər vəzi əməliyyatı keçirmiş və ya radioaktiv yod terapiyası almışdırsa, hamiləlik dövründə hormon əvəzedici müalicənin dozası artırılmalıdır.
Yeni hipotiroidizm diaqnozu qoyulmuş hamilə qadınların TSH səviyyələri mütəmadi izlənməli və dərman müalicəsi ilə ideal səviyyədə saxlanılmalıdır. Əks halda, bu pozğunluq ana və körpənin sağlamlığı üçün mənfi nəticələrə səbəb ola bilər.
Hamiləlik diabetinin ana və körpəyə təsiri
Hamiləlik diabeti (gestational diabet) adətən ikinci və üçüncü trimestrdə insulin müqavimətinin artması ilə inkişaf edir. Bu vəziyyət hamiləliyin 24-28-ci həftələrində aparılan skrininq testləri ilə aşkarlanmalıdır.
Hamiləliyi planlaşdıran diabetli qadınlara qan şəkərini nəzarətə götürmək və HbA1c səviyyəsini 6,5-dən aşağı salmaq tövsiyə olunur. Risk faktoru olan, lakin hələ diaqnozu qoyulmamış qadınlar hamiləlikdən əvvəl və ya birinci trimestrdə qan şəkəri və HbA1c səviyyələrini yoxlatmalıdırlar.
Qlükoza yükləmə testinin əhəmiyyəti
Türkiyə Endokrinologiya və Metabolizma Dərnəyi bildirir ki, hamiləlik zamanı aparılan qlükoza tolerantlığı testi ana və körpə üçün heç bir təhlükə yaratmır. Artıq çəki, polikistik yumurtalıq sindromu, ailədə diabetin olması və əvvəlki hamiləlikdə böyük çəki ilə doğuş kimi faktorlar risk yaradır. Bu səbəbdən hamilə qadınlar vaxtında müvafiq müayinələrdən keçməlidirlər.
Hipofiz və böyrəküstü vəzi xəstəlikləri
Hamiləlik zamanı hipofiz vəzində hormonal dəyişikliklər bəzən hipofiz adenomasına səbəb ola bilər. Belə hallarda mütəmadi tibbi nəzarət tələb olunur. Bu vəziyyət vaxtında aşkarlanmazsa, ana və körpənin sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.
Hamiləlik dövründə endokrin sağlamlığa diqqət yetirmək, mümkün təhlükələri erkən aşkar edərək onların qarşısını almaq həm ana, həm də körpə üçün sağlam bir gələcək təmin edə bilər.
Tərcümə: Könül Oruc