«Zirə»nin 2025-ci il macərası uğurlu başlayıb və üçüncü ayda da davam etməkdədir. Onlar artıq öz oyunlarını tapıblar və sürəti get-gedə artırmaqdadırlar.
Hazırda bu fikirlə çoxları razılaşır - Azərbaycanda «Qarabağ»dan sonra ən baxımlı futbol oynayan «Zirə»dir. Rəşad Sadıqov Tovuz səfərində Kurban Berdiyevi də «qurbanlar»ı siyahısına əlavə elədi. Mövsümün üçüncü duelində əldə olunan ilk qələbəni layiqincə qazandılar.
Bu dəfə «şahmat döyüşü»nə girmədilər. Hesabı erkən açıb, orta sahəyə diqqəti artırdılar. «Turan»ın uzun toplarla müdafiənin arxasına keçmək cəhdlərini önlədilər. Müdafiədə ehtiyatlı tərpənib, cərimə meydançası ətrafında cərimə foullarına az yol verdilər. Axı «Turan»ın əsas üstünlüyü standartlardır. Berdiyevin «Turan»a gətirdiyi əsas yenilik artıq hamıya məlumdur - cərimə zərbələrindən sonra hava toplarından fərqlənmək.
Əslində, «Turan Tovuz» o qədər də güclü komanda deyil. Praqmatik oynayırlar. Hakimlər köməklərinə gəlməsə, rəqiblər üzərində üstünlük əldə edə bilmirlər. İşin kəramətindən, son vaxtlar «Turan»a münasibətdə əvvəlki simpatiyanı hiss etmirik onlarda.
Rəşad Sadıqov ölçü-biçi edən məşqçidir. Hər xırdalığa fikir verir. Göydə uçan quş da gözündən yayınmaz. Tovuzda istənilən ssenariyə hazır bir maket qurdu və bu, son dəqiqəyədək qəşəng işlədi.
Salifu Sumanın Avropa və Ərəbistandan bir xeyli təklif alması «Zirə»dəki yoldaşlarını da ruhlandırıb. Nəhayət, əyani surətdə görürlər ki, diqqət mərkəzindədirlər və yaxşı oynamağa davam etsələr, onlara da transfer təklifləri gələcək. Bu, xüsusən Ruan Renato və hücum fazasında yer alanlara aiddir. Hə, bir də Georgi Papunaşviliyə. Hamısı meydanda qızıl xırdalayır.
MUSA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta