London, 7 mart, AZƏRTAC
Londondan Parisə gedən bütün “Eurostar” qatarları İkinci Dünya müharibəsindən qalmış partlamamış bomba tapıldıqdan sonra ləğv edilib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, “Eurostar”ın 10 reysi ləğv olunub və qatarların hərəkəti ən azı günortaya qədər təxirə salınıb. Bomba Saint-Denis bölgəsində, Parisin şimalında, relslərin yaxınlığında torpaq işləri aparan işçilər tərəfindən səhər saat 4 radələrində aşkarlanıb.
Hadisə yerinə bomba zərərsizləşdirmə mütəxəssisləri göndərilib və əməliyyat hələ də davam edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London