AZ

İSGƏNDƏR ÇİTAŞİ nədən unuduldu?

                                                                                                                                  Cəmilə NİYAZ QIZI

AMEA Folklor İnstitutu

Qafqaz dünya xəritəsində kiçik bir nöqtə kimi görünür, lakin bu region müxtəlif dillərdə danışan və fərqli dini inanclara sahib xalqların minillər boyu mehribanlıqla birgə yaşadığı ərazidir. Buna görə də, Qafqazı "azsaylı xalqlar muzeyi" adlandırırlar. Regionda müharibələr olsa da, bu müharibələrin heç biri milli və dini münaqişələrdən qaynaqlanmamışdır. Əksinə, müharibələr daha çox hakimiyyət və ərazi bölgüsü məqsədi daşıyırdı. Sovet İttifaqı və çar Rusiyasının işğalçı siyasətləri bölgədəki xalqları bir-birindən ayırmağa yönəlmişdi. Bu siyasətlərin bir hissəsi xalqlar arasında istifadə edilən yazı sistemlərinin, xüsusilə, ərəb qrafikalı əlifbanın dəyişdirilməsi idi. Bu məsələdə fəal iştirak edənlərdən biri də İsgəndər Çitaşi olmuşdur.

İsgəndər Çitaşi, Azərbaycanda yaşamış və saxur, udin dillərinin əlifbalarını yaratmış bir şəxs olaraq tanınır. O, 20-ci əsrin əvvəllərində Qafqazın azsaylı xalqları və etnik qrupları ilə bağlı apardığı elmi tədqiqatlar, eyni zamanda dilçilik sahəsindəki fəaliyyəti ilə tanınan önəmli bir alimdir. Onun elmi irsi, xüsusilə Azərbaycandakı azsaylı xalqların dilləri və mədəniyyətləri ilə bağlı apardığı tədqiqatlarla əhəmiyyətlidir. Bu, həm regionun etnik müxtəlifliyinin qorunmasına, həm də dil və əlifba islahatlarına yönəlmiş mühüm addımlar atılmasına səbəb olmuşdur. Çitaşi yalnız dilçilik sahəsindəki araşdırmalarla deyil, Sovet dövründə qarşılaşdığı siyasi və ideoloji təzyiqlərlə də yadda qalmışdır.

İsgəndər Çitaşi haqqında dəqiq məlumatları 1930, 1933 və 1936-cı illərdə yazdığı tərcümeyi-halından əldə etmək mümkündür. Bu əlyazmalar, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə tərəfindən aşkara çıxarılmışdır.

Çitaşi, 1904-cü ildə Türkiyənin Qaradeniz bölgəsinin Viçə kəndində az torpaqlı, kasıb bir ailədə doğulmuşdur. O, ilk təhsilini kənd məktəbində almışdır. Sonralar təhsilini Batum, Kutaisi və Voronej kimi şəhərlərdə davam etdirmişdir. Təhsil yolu çətinliklərlə dolu olmuşdur. Babasının təkidi ilə Batumidəki litseyə yazılmaq istəsə də, müsəlman və yad soylu olduğu üçün qəbul edilməmişdir. Birinci Dünya Müharibəsi onun həyatını tamamilə dəyişdirmişdir. Müharibə və sürgünlər nəticəsində o və ailəsi yurdlarından didərgin düşmüşdür. 1919-cu ildə, İsgəndər Çitaşi əmisi ilə birlikdə Sovet Ordusunun süvari dəstələrinə qoşulmuşdur. Sonralar, 1922-ci ildə yaşının az olması səbəbindən Sovet Ordusundan tərxis edilmişdir.

1924-cü ildə Cənubi Osetiyaya göndərilən Çitaşi, burada Pioner təşkilatını qurmuşdur. O, 1928-ci ildə Şərq Xalqlarının Milli və Etnik Mədəniyyətlərini öyrənən Elmi Tədqiqatlar İnstitutuna aspirant olaraq qəbul olmuş, burada lazca dilçilik tədqiqatlarına başlamışdır. Bu dövr onun elmi fəaliyyətinə mühüm təsir göstərmişdir.

İsgəndər Çitaşi bu institutda təhsil alarkən, gələcək həyat yoldaşı, azərbaycanlı Yusifzadə Şəhla xanımla tanış olur. Yusifzadə Şəhla, yəqin edilir ki, Azərbaycanın tanınmış jurnalist və ədəbiyyatşünası Mirzə Cəlal Yusifzadənin qızıdır. Onların tanışlığı və evliliyi, Çitaşinin həyatında əhəmiyyətli bir mərhələ olmuşdur. İsgəndər Çitaşinin elmi fəaliyyətinin mühüm bir hissəsini Azərbaycandakı azsaylı xalqlar və etnik qruplarla bağlı apardığı tədqiqatlar təşkil edir. Belə ki, o, Sovet Ensiklopediyasının sifarişi ilə "Avarlar", "Avar dili", "Abxaz dili", "Adıgey", "Abadzehlər", "Analitik əlifba", "Krits köyü gezisi", "Kapantsyanın kitabı haqqında", "SSRİ xalqları siyahısı haqqında bir nöqtə" kimi məqalələr yazmışdır.

Çitaşi, həmkarları ilə birlikdə Laz dilində ilk qəzet olan Mçita Muruzxini nəşr etdirmişdir. Təəssüf ki, bu qəzetin yalnız iki nömrəsi çap edilə bilmişdir. Birinci nömrəsi 7 noyabr 1929-cu ildə, ikinci nömrəsi isə həmin ilin dekabrında dərc olunmuşdur. Türkiyəyə aparılması qadağan olunan bu qəzet, Mustafa Kamal Atatürkün əmri ilə ikinci nömrəsindən sonra bağlanır.

1929-cu ildə Gürcüstan Kommunist Partiyasının Azsaylı Xalqlar Bölməsi, İsgəndər Çitaşini Abxaziyada yaşayan lazların Türkiyəyə köçünün qarşısını almaq və lazlarla danışıqlar aparmaq üçün vəzifələndirmişdir. Bu dövr ərzində Çitaşi, latın qrafikasının əsasında laz dilinə aid əlifbanı hazırlamışdır. İsgəndər Çitaşi, 1930-cu ildən sonra Sovet Şərq Xalqları İnstitutunda təhsilini davam etdirmişdir. O, Tiflisdəki Qafqaz Tarix və Arxeologiya İnstitutunda fəaliyyətini davam etdirmiş və burada lazca dərsliklər hazırlamışdır. Çitaşi, həmçinin Lazca dərs kitablarının hazırlanması üçün Suxuma göndərilmişdir. O, öz xalqı üçün əlindən gələn bütün səyləri əsirgəməmişdir: Laz dilində təhsil verən məktəblərdə uşaqlar üçün Lazca dərs kitabları hazırlamışdır. 1932-ci ildə ilk Lazca oxuma-yazma öyrədən dərs kitabı olan "Çquni Çhara - Albonişi Supara"nı, 1933-cü ildə "Oxesapuşi Supara" (Hesab kitabı), 1935-ci ildə "Alboni" (Əlifba) və 1937-ci ildə "Okitxuşeni Supara" (Oxuma kitabı) kitablarını tərtib etmişdir. Lakin geri dönərkən "əmək intizamını pozduğuna" görə işindən azad olunmuşdur.

1935-ci ilin mayından 1936-cı ilin mayına qədər Çitaşi Tiflisdəki Qafqaz Tarix-arxeoloji İnstitutunun Laz bölməsinin müdiri olaraq fəaliyyət göstərmişdir. 1936-cı ildə Abxaziya dövlət başçısı Nestor Lakobanın ölümü ilə vəziyyət gərginləşmişdir. Çitaşiyə dəstək olan Nestorun vəfatından sonra Laz dili ilə bağlı fikir ayrılıqları meydana çıxmışdır. Həmkarı və eyni zamanda rəqibi olan Arnold Çikobava Laz dilini "ev dili" olaraq qəbul etməklə yanaşı, Lazlar üçün ədəbi dilin Gürcü dili olmasını tələb edirdi. Çitaşi isə öz xalqına, dilinə və soykökünə bağlı olaraq, Arnoldla tam əks mövqedən mübarizə aparırdı. O, Laz dilinin ədəbi dil olaraq qəbul edilməsini və latın qrafikalı Laz əlifbasının tərtibini dəstəkləyirdi.

Bu mübarizə siyasi xarakter almağa başlamışdır. Əslində, bu, SSRİ-nın özünəməxsus siyasətinin təzahürü idi. Azərbaycanda da həmin illər ərzində iki dəfə əlifba dəyişdirilmişdir (1929-cu ildə latın, 1939-cu ildə isə kiril qrafikalı əlifbaya keçilmişdir). Lakin, gürcülərin mübarizəsi daha güclü olmuşdur. Belə ki, 1936-cı ildən etibarən başlanan əlifbanın kirilləşdirmə prosesi Gürcüstanda gürcüləşdirmə ilə nəticələnmişdir. Şübhəsiz ki, bu prosesdə hakimiyyətdə olan gürcü kökənlilərin millətçi siyasəti, eyni zamanda Stalinin gürcü olması da mühüm rol oynamışdır.

1938-ci ildə, Çitaşi "yarqılanmağa məhkumlar" siyahısına əlavə edilmiş və 22 iyun 1938-ci ildə Tiflisdə edam edilmişdir. Onun edamına bəhanə olaraq Laz xalqı arasında casus, terrorçu və üsyançı olmaq kimi saxta iddialar irəli sürülmüşdür.

İsgəndər Çitaşinin zəngin elmi fəaliyyəti, onun yazdığı əsərlər və yaratdığı əlifbalar, Azərbaycandakı azsaylı xalqların mədəni irsinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynamışdır. O, Azərbaycandakı azsaylı xalqların dilləri, mədəniyyətləri və tarixləri ilə bağlı bir çox elmi tədqiqatlar aparmış, onların bəzilərini çap etməyə müvəffəq olsa da, bəziləri əlyazma şəklində qalmaqdadır.Lakin onun elmi fəaliyyəti Sovet İttifaqının repressiya siyasəti və etnik qruplara qarşı tətbiq etdiyi zorakılıqların fonunda formalaşmışdır. Çitaşi xalqının suverenliyi, azadlığı üçün mübarizə aparan bir şəxsiyyət olmasına baxmayaraq, özü də bilmədən rus siyasətinin qurbanına çevrilmişdi. Çitaşinin həyat və fəaliyyəti onun zamanında qarşılaşdığı çətinliklərə rağmən dil və mədəniyyət sahəsindəki mübarizəsinin əhəmiyyətini daha da vurğulayır və bu gün onun öz xalqı, o cümlədən Azərbaycandakı azsaylı xalqlar üçün etdiklərini diqqətə gətirmək labüddür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr