"Fənərbağça"nın əfsanəvi futbolçularından sayılan Tuncay Şanlı yeni vəzfəyə təyinat alıb.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu Türkiyənin I liqasında yarışan "Çorum" klubunda baş məşqçi funksiyasını yerinə yetirəcək.

O, srağagün istefaya göndərilən Serkan Özbaltanı əvəzləyib.

"Çorum"da Azərbaycan milli komandasının üzvü Coşqun Diniyev də oynayır. Ötən ay bu kluba transfer olunan həmvətənimiz 4 matçda 2 qol vurmağı bacarıb.

Baş məşqçi dəyişikliyinə səbəb son oyunlardakı uğursuz nəticələrdir. Hazırda komanda 39 xalla 11-ci pillədə qərarlaşır.

Tuncay Şanlı bundan öncə "Sakaryaspor" və "Umraniyespor"u çalışdırıb. Onun "Çorum"da debütü martın 9-da "Gənclərbirliyi"nə qarşı olacaq.

Qeyd edək ki, Tuncay Şanlı "Fənərbağça" və Türkiyə yığmasının heyətindəki parlaq oyunu ilə azarkeşlərin böyük sevgisini qazanıb. O, "sarı-lacivərdlilər"də 2002-2007-ci illər aralığında 154 matçda 59 dəfə fərqlənib. Türkiyə milli komandasının heyətində isə 80 görüşə 22 qol vuran istedadlı hücumçu FIFA Konfederasiyalar Kuboku (2003-cü il) və Avropa çempionatının (2008-ci il) bürünc medalını qazanıb.