AZ

Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarını ixtisar etməyə başlayıb

Bakı, 7 mart, AZƏRTAC

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentlikdə sınaq müddətində çalışan bəzi əməkdaşlarını ixtisar etməyə başlayıb.

AZƏRTAC “Defense One” nəşrinə istinadla xəbər verir ki, ixtisarlar ilk növbədə sabiq Prezident Cozef Baydenin administrasiyası zamanı bir-iki il əvvəl işə götürülən əməkdaşlara aiddir.

Bundan əlavə, MKİ direktoru Con Retkliffin göstərişinə əsasən yenə həmin dövrdə müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüsü çərçivəsində işə götürülən transgenderlər də ixtisara məruz qalırlar.

“MKİ-də kadrlarımızı agentlikdə işlədikləri ilk iki il ərzində yoxlayırıq. Bəzi işçilər üçün bu proses işdən çıxarılmağa səbəb olacaq. Əməkdaşlarımız tez dəyişən və risklərin yüksək olduğu situasiyalarda işləyərkən xüsusi təzyiqlərlə üzləşirlər. Bu, hər kəsə aid deyil”, - deyə departamentin sözçüsü Amerika mediasına bildirib.

Nəşr, həmçinin qeyd edir ki, ABŞ kəşfiyyatı xarici düşmənlərin məxfi məlumatlar əldə etmək üçün narazı federal milli təhlükəsizlik məmurlarını işə cəlb edə biləcəyindən ehtiyatlanır.

 

Seçilən
9
azertag.az

1Mənbələr